
DSX rəisinin müavini PIMEC-2025-də “Poliqon” jurnalının stendini ziyarət edib
Pakistanın Karaçi şəhərində keçirilən PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Əfqan Nağıyev “Poliqon” jurnalının stendini ziyarət edib.
“Poliqon” xəbər verir ki, ziyarət zamanı general-leytenant Əfqan Nağıyev “Poliqon” jurnalının beynəlxalq tədbirlər üçün xüsusi olaraq hazırlanmış ingilis və rus dillərindəki buraxılışları, eləcə də jurnalın nəşr fəaliyyəti, beynəlxalq media əməkdaşlıqları və müdafiə sənayesinin təbliği istiqamətində gördüyü işlərlə yaxından tanış olub.
DSX rəisinin müavini “Poliqon”un müdafiə, müdafiə sənayesi və sərhəd mövzularında operativ və obyektiv informasiya təqdim etməsini, həmçinin Azərbaycanın hərbi-texnoloji nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına verdiyi töhfəni yüksək qiymətləndirib.
General-leytenant Əfqan Nağıyev “Poliqon” kollektivinə gələcək fəaliyyətlərində uğurlar, yeni layihələr və beynəlxalq əməkdaşlıqlarda davamlı inkişaf arzulayıb.
Görüş zamanı jurnalın redaksiya heyəti də Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının təminindəki mühüm rolunu vurğulayaraq, qurumun rəhbərliyinə göstərilən diqqət və etimada görə təşəkkürlərini bildirib.
Qeyd edək ki, “Poliqon” jurnalı Azərbaycanın müdafiə, müdafiə sənayesi və təhlükəsizlik sahəsində ixtisaslaşmış aparıcı media platforması olaraq, PIMEC-2025 sərgisində ölkəmizi müstəqil informasiya resursu qismində təmsil edib və yerli şirkətlərin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verib.
Məlumat üçün bildirək ki, Dövlət Sərhəd Xidməti rəhbərliyinin göstərişinə əsasən “Poliqon” (əvvəlki adı “AzeriDefence”) jurnalının bütün buraxılışları — 13 illik fəaliyyət tarixini əhatə edən saylar DSX arxivində qorunur.


