DSX Sahil Mühafizəsinin yeni inzibati binası istifadəyə verilib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, sahil mühafizə bölmələrinin texniki təchizatının müasirləşdirilməsi, yeni infrastrukturların yaradılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, bu tədbirlər çərçivəsində mayın 25-də DSX Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilib.
Bununla əlaqədar keçirilmiş açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Mərkəzi Regional Şöbənin yeni binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib, dənizçi sərhədçilərin bu əlamətdar günü müzəffər Azərbaycan Ordusunun Vətən Müharibəsində qazandığı qələbənin sevinci ilə qeyd etdiklərini vurğulayıb.
Dövlət Sərhəd Xidmətinin digər hərbi birləşmələri ilə yanaşı, Sahil Mühafizəsinin hərbi qulluqçularının də Zəfər savaşında qəhrəmancasına vuruşduqları, 100-dək dənizçi-sərhədçinin yüksək dövlət təltiflərinə layiq görülməsi qeyd edilib.
Qısa müddət ərzində səmərəli sərhəd mühafizə sisteminin formalaşdırılması, zəruri infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyü, hazırda DSX Sahil Mühafizəsinin dəniz mühitində istənilən çağırışa çevik reaksiya göstərərək Xəzər dənizinin Azərbaycana aid hissəsində enerji ehtiyatlarının, neft-qaz boru kəmərlərinin və platformalarının qorunması, beynəlxalq terrorizmə, kütləvi qırğın silahlarının komponentlərinin qanunsuz yayılmasına, qeyri-leqal miqrasiyaya və narkotik qaçaqmalçılığına qarşı mübarizədə yüksək nailiyyətlər əldə etməsi xüsusi vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Dəniz Agentliyi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi və Xəzər dənizində fəaliyyət göstərən digər dövlət orqanları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə ciddi önəm verilməsi, bu orqanlarla birgə fəaliyyət nəticəsində dənizdə təhlükəsizliyin təmin olunması və xidməti tapşırıqların daha effektiv icrası şəraitinin yaradılması qeyd edilib.
Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Zəngilanın, Cəbrayılın, Xocəvəndin, Suqovuşanın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub.
Açılış mərasimindən sonra tədbir iştirakçıları 2 mərtəbəli binada yaradılmış şəraitlə tanış olublar. Buradakı xidməti otaqlara, konfrans zalına, tibb otağına, yeməkxanaya, eləcə də şəxsi heyət üçün yaradılmış istirahət otaqlarına, idman meydançasına, dənizçi sərhədçilərin istifadəsində olan xüsusi müşahidə, aşkaretmə, rabitə və s. texniki avadanlıqlara baxış keçirilib.








