DSX: “Sərhəd” hərbi-idman oyunları başa çatıb

Dövlət Sərhəd Xidmətinin (DSX), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunları başa çatıb.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bu il ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 36 sərhədyanı və digər rayonların 181 məktəbinin 905 şagirdi iştirak edib, ilk iki mərhələnin yekunlarına görə 10 komanda iyun ayının 1-dən 10-dək final mərhələsində mübarizələrini davam etdiriblər.
Komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilibdir.
Final mərhələsinin yekunlarına görə Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin “Zəfər” komandası isə üçüncü yeri tutublar.
İyun ayının 10-da DSX-nin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə iştirak edən DSX-nin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, eyni zamanda oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.





