DSX tərəfindən Ermənistanın təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməsinin qarşısı alınıb

Aprel ayının 23-də saat 18:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədini keçməyə cəhd göstərilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzində məlumat verib.
Məlumatda bildirilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində təxribat-diversiya qrupunun Azərbaycanın ərazisinə keçməsinin qarşısı alınıb və diversantlar geri çəkilməyə məcbur ediliblər.
Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin ölkələr arasında delimitasiya komissiyalarının yaradılması və müvafiq işlərin aparılmasına qarşı yönəlmiş təxribat kimi dəyərləndirir.
Ermənistan tərəfinin təxribatı ilə bağlı Rusiya Federasiyasının Federal Sərhəd Xidmətinin Ermənistandakı sərhəd idarəsinin nümayəndələri məlumatlandırılıb.
Dövlət Sərhəd Xidməti bəyan edir ki, belə hall bir daha baş verərsə tərəfimizdən daha ciddi tədbirlər görüləcəkdir.




