DSX tərəfindən sərhəd pozucularının qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
May ayının 28-də saat 23:30 radələrində DSX-nin “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq 1 nəfərə məxsus ayaq izləri aşkarlanıbdır.
Yardımlı rayon polis əməkdaşları ilə birgə keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Deman kəndində çoban kimi fəaliyyət göstərən və orada müvəqqəti yaşayan Yardımlı rayonunun Arvana kənd sakini 1989-cu il təvəllüdlü Şükürov Elsevər Kamil oğlu şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı E.Şükürov dövlət sərhədini Deman kənd sakini 1983-cü il təvəllüdlü Əliyev Rahəb İbrahim oğlunun sifarişi ilə narkotik vasitə gətirilməsi üçün qanunsuz olaraq keçdiyini etiraf edib. Onun yaşadığı həyətyanı əraziyə baxış zamanı 4 ədəd bağlamada 2 kiloqram 30 qram “marixuana” və qara polietilen salafana bükülmüş 2 ədəd 130 ml qabda maye halda “metadon” narkotik vasitələri aşkar olunaraq götürülüb.
Hazırda R.Əliyevin saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən qızıl-zinət əşyalarının və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı da alınıb.
İyun ayının 1-də saat 03:20 radələrində Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətinə doğru hərəkət etməsi sərhəd naryadı tərəfindən müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb, yerli hüquq mühafizə orqanları məlumatlandırılaraq sərhəd pozucularının təqibinə başlanılıbdır.
Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri təqib olunaraq yaşadığı evinin həyətyanı sahəsində saxlanılıb. Onun Yardımlı rayonunun Avaş kənd sakini 1986-cı il təvəllüdlü Quliyev Mehman Valeh oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı M.Quliyev həmkəndlisi 1990-cı il təvəllüdlü Mayılov Rahim Abdulla oğlu ilə birgə digər həmkəndlisi Ağayev Nazim İmanali oğlunun sifarişi əsasında İrandan qızıl-zinət əşyaları gətirmək məqsədilə dövlət sərhədini pozmalarını etiraf edib.
M.Quliyevin yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanıb, cinayətin digər iştirakçısı R.Mayılovun saxlanılması məqsədilə keçirilmiş axtarış tədbirləri zamanı onun yaşadığı evdən qaçaraq gizlənməsi məlum olub. Polis əməkdaşları ilə birgə R.Mayılovun yaşadığı mənzilə baxış keçirilərkən qaçaqmalçılıq yolu ilə İrandan gətirilmiş 7050 qutu MARLBORO markalı siqaretlər aşkar olunaraq götürülüb.
Qaçaqmalın sifarişçisi Avaş kənd sakini 1978-ci il təvəllüdlü Ağayev Nazim İmanali oğlu saxlanılıb, R.Mayılovun axtarışı üzrə tədbirlər davam etdirilir.





