DSX tərəfindən sərhəd pozucularının qarşısı alınıb

DSX tərəfindən sərhəd pozucularının qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınıb.

Bu barədə “Poliqon”a DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

May ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əllərin­də 2 ədəd bağlama olan 2 nəfər naməlum şəxsin özlərini şübhəli aparması sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Onların Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Əliyev Emil Paşa oğlu və Füzuli rayon sakini 1997-ci il təvəllüdlü Əhmədova Gülşən Xudat qızı olmaları müəyyənləşdirilib, üzərilərindəki bağlamalara baxış zamanı 26 kiloqram 694 qram narkotik vasitə (1996 qram “tiryək”, 3921 qram “heroin”, 17790 qram “qurudulmuş marixuana”, 2987 qram “metamfetamin”) və 20 ədəd psixotrop tərkibli “metadon-40” həbləri aşkar olunaraq götürülüb.

May ayının 2-də saat 18:30 radələrində Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılıb, qeyd olunan istiqamətdə hərəkət edərək İrandan Azərbaycana doğru 1 nəfərə məxsus izlər aşkarlanıb.

Xidməti ərazi dərhal qapa­dılıb, xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks qoşun-əməliyyat tədbirləri nəticəsində ərazidə gizlənən Saatlı rayon Dədəqorqud kənd sakini 1988-ci il təvəllüdlü Qədirov Elşən Adil oğlu şübhəli şəxs qismində saxlanılıb, onun üzərinə baxış zamanı gödəkçəsinin içərisində tikilmiş bağlamada 295 qram narkotik vasitə “metamfetamin” və 500 ədəd “metadon-40” psixotrop tərkibli həblər aşkar edilib.

Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş