
“EDEX-2025″də Azərbaycan müdafiə sənayesinin beynəlxalq tərəfdaşlıq imkanları genişləndirilir
Misirin Qahirə şəhərində keçirilən “EDEX-2025” beynəlxalq müdafiə sərgisi davam edir.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, sərgi çərçivəsində Malinin müdafiə və veteranlar naziri Sadio Kamara Azərbaycan stendini ziyarət edib.
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev S.Kamaranı “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və ölkəmizə məxsus digər yerli şirkətlərin istehsalı olan müdafiə təyinatlı məhsullarla tanış edib.
Nazir V. Mustafayev sərgi zamanı Misirin hərbi istehsal üzrə dövlət naziri Məhəmməd Salah Əl-Dien Mustafa, Sudan Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleyman, Ekvatorial Qvineya milli müdafiə nazirinin müavini Kandido Ncogo Engono Nchama, Koreyanın Müdafiə Satınalmaları Proqramı üzrə nazir müavini Guckcheol Bang, Pakistan Strateji Planlaşdırma İdarəsinin baş direktorunun müavini, general-mayor Məhəmməd İshaq Xattak ilə görüşüb.
Səmimi və konstruktiv şəraitdə keçən görüşlərdə nazir V.Mustafayev Azərbaycanın müdafiə sənayesində əldə etdiyi nailiyyətlər, yerli istehsal potensialı və ixrac imkanları haqqında ətraflı məlumat verib. Tərəflər “Azərsilah” Müdafiə Sənayesi Holdinqi tərəfindən təqdim edilən məhsullar və texnologiyalarla yaxından maraqlanaraq, gələcək əməkdaşlıq niyyətlərini ifadə ediblər.
Görüşlər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və yeni istiqamətlər üzrə tərəfdaşlıq imkanları, həmçinin təcrübə mübadiləsi, elmi-texniki tədqiqatların təşkili haqqında müzakirələr aparılıb, müdafiə sənayesi qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.








