“Elbit Systems”: Prezidentə təqdim olunan yeni layihə Ordunun professionallığını yüksəltməkdən ibarətdir
İsrailin “Elbit Systems” şirkətinin Vitse-prezidenti Miki Levin ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyevə “ADEX-2022” sərgisində təqdimatını etdikləri yeni Rəqəmsal Ordu Korpusunun İdarəetmə Məntəqəsi layihəsi barədə POLİQON jurnalına danışıb.
“Poliqon” xəbər verir ki, “ADEX-2022” sərginin ilk günü Prezident İlham Əliyev “Elbit Systems” şirkətinin stendinə baş çəkərək şirkət rəhbərliyindən yeni təqdim olunan layihələri barədə məlumat alıb.
“Bununla bağlı dərinliyə girmək istəməzdim. Çünki bəzi məsələlər konfidensiallıq daşıyır. Onu demək istərdim ki, şirkətimiz bu məhsulların istehsal edilməsində lider rollarından birini oynayır. Demək olar ki, biz İsrail Ordusunu bu sistemlər ilə təchiz etmişik.
Yuxarıda qeyd etdiyim, “Elbit Systems”in 4 bölməsindən biri məhz bu sahədə, eyni zamanda qabaqcıl rabitə sistemlərinin istehsalı ilə çalışır. Onlar avtomatik idarəetmə sisteminin bir hissəsi sayılır və məlumat ötürür. Yəni sistem Ordunun professionallığını yüksəltməkdən ibarətdir. Burada özün düşmən ordusunun hədəfi barədə məlumat yerləşdirirsən. Həmin an avtomatik şəkildə informasiya ötürülür və bu hədəfin zərərsizləşdirilməsi üçün istifadə olunur.
Bu gün hədəfin təyin edilməsi və onun vurulması arasında vaxtın azaldılması uğurun əsas təməli sayılır. Bu vahid sistem ordu ilə birgə hərəkət edə bilir. Sistemin hava, quru, o cümlədən artilleriya qoşunlarına məlumat ötürməsi imkanına sahib olmasını nəzərə alsaq, bu uğurun əsas faktoru sayılır”, – deyə “Elbit Systems” şirkətinin Vitse-prezidenti vurğulayıb.
Qeyd edək ki, “Elbit Systems” şirkətinin Vitse-prezidenti Miki Levin ilə müsahibənin tam versiyası yaxın günlərdə nəşr olunacaq POLİQON jurnalında yer alacaq.