“Elbit Systems” yeni növ süzən bomba yaradıb

“Elbit Systems” yeni növ süzən bomba yaradıb

İsrailin “Elbit Systems” şirkəti adi bombaları idarə olunan döyüş sursatına çevirmək üçün REST (Range Extension and Smart Tail) adlı tuşlama dəsti hazırlayıb.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, REST-in köməyi ilə bombalar daha dəqiq olur və daha çox məhvetmə mənzili əldə edir.

REST naviqasiya üçün “ağıllı” quyruqdan və uçuş mənzilini artırmaq üçün üst qanad dəstindən ibarətdir. Ümumi təyinatlı aviasiya bombaları üçün REST tuşlama dəsti, istənilən təyyarənin geniş mənzilli dəqiq zərbələr vurmaqdan ötrü silah qabiliyyətini təkmilləşdirir.

Yaradıcıların fikrincə, döyüş sursatının maksimal məsafəsi 120 km-ə çatacaq ki, bu da ABŞ istehsalı JDAM-ER sursatının maksimal hündürlükdəki 70 km-lik mənzilindən 1.7 dəfə artıqdır. REST dəsti ilə təchiz edilmiş aviasiya bombası özünün uçuş mənzilinə görə bir çox “hava-yer” sinif aviasiya raketlərini üstələyir.

Tuşlama GNSS (Global Navigation Satellite System) peyk naviqasiya sistemi və INS (Inertial Navigation System) inersial naviqasiya sistemi olmaqla ikili olacaq. Dəst susdurmanın qarşısını almaq imkanlarına (anti-jamming capabilities) malikdir.

Ayrıca qeyd olunur ki, REST dəsti “Qərb” (NATO) və “Şərq” (Sovet) standartlı döyüş təyyarələri ilə uyğunlaşacaq. Dəstdən istifadə etmək üçün avionika və sursat bərkitmə sistemlərində heç bir dəyişiklik etmək lazım deyil. Bütün hava şərtlərində mövcud döyüş sursatlarına təkmilləşdirilmiş uzun mənzilli xüsusiyyət təmin edir.

REST dəsti çəkisi 250 kq, 500 kq və 1000 kq olan aviasiya bombaları üçün uyğundur. Sursatların qanadlar sistemi ilə atılması “atdın-unutdun” prinsipi ilə həyata keçiriləcək. İdarə olunan bomba hədəfə özü çatacaq. Uçuş zamanı döyüş sursatı uçuş marşrutuna əvvəlcədən daxil edilmiş uçuş manevrlərini yerinə yetirə bilər. Bomba hədəfə yuxarıdan (şaquli) zərbə endirə (vura) biləcək.

“Elbit Systems” şirkətindən bildirirlər ki, bombanın hədəfdən orta dairəvi sapma ehtimalı 10 metrə qədərdir. Tuşlama dəsti standart MK 8X, HSLD, MPR döyüş başlıqları ilə uyğun gəlir və digər döyüş başlıqlarına da uyğunlaşdırıla bilir.

REST dəsti hər döyüş başlığını avtonom dayanıqlı və dəqiq silah sisteminə çevirir. Effektiv və istifadəsi asan olan REST yüksək dəqiqliklə maksimal istismar çevikliyini təmin edir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS