
“Elbit Systems”in lazerli pilotsuz uçuş aparatı konsepsiyası – VİDEO
ABŞ esminesləri lazer raket əleyhinə sistemlərlə təchiz etməyi planlaşdırarkən, İsrail bu tip silahların pilotsuz uçuş aparatlarında (PUA) tətbiqinin nə qədər təsirli olacağını düşünür.
İsrailin “Elbit Systems” şirkəti, düşmən raketlərini məhv etmək üçün lazer sistemi olan PUA-lardan istifadə konsepsiyasını nümayiş etdirən videoçarx hazırlayıb.
“Poliqon”un məlumatına görə, videoçarx şirkətin rəsmi “YouTube” kanalında yayımlanıb. Bu videoda döyüş lazeri ilə təchiz edilmiş PUA-nın düşmən raketlərini effektiv şəkildə məhv etdiyi əks etdirilib.
Təqdim olunmuş videoçarxda görmək olur ki, plana görə PUA həm havada, həm də yerdəki raketləri məhv edə bilir.
“Yüksək enerjili lazerlər illik investor konfransımızda müzakirə etdiyimiz üç inkişaf sahəsindən biri idi. Raketlərdən artan təhlükə, raket əleyhinə həllərin inkişaf etdirilməsinə olan tələbi artırır. Güclü bir lazer hər şeydir” deyə şirkətin şərhində bildirilir.
İsrailin belə bir layihəni həyata keçirməyə çalışması üçün ilkin şərtlər var. Belə ki, 2020-ci ildə bu ölkənin Müdafiə Nazirliyi, Müdafiə Tədqiqatları və İnkişafı Departamenti (Directorate of Defense Research & Development – DDR&D) tərəfindən həyata keçirilmiş yüksək enerjili lazerlərin inkişafı proqramında mühüm bir nailiyyət əldə olunduğunu elan edib. Söhbət lazer şüalarının qısa müddətdə uzaq mənzillərə dəqiq fokuslanma qabiliyyətindən gedir. O vaxt bu nailiyyətin müxtəlif təhdidlərə mane ola bilən lazer silahlarının inkişafına imkan verəcəyi iddia edilib.
Eyni zamanda, DDR&D-nin “Elbit Systems” və “Rafael” şirkətləri ilə birlikdə yüksək enerjili lazer silah sistemlərini – “Iron Dome” (“Dəmir Günbəz” raket əleyhinə taktiki sisteminin imkanlarını tamamlayacağı nümayiş etdirmək üçün üç paralel proqram başlatdığı bildirilib: yerüstü sistem; səhra şəraitində qoşunları qorumaq üçün nəqliyyat vasitəsinə quraşdırılmış sistem; bort lazer silah sistemi.
Əhəd Əzizov