Əlcəzair Rusiyadan alınmış BMPT-2 “Terminator” döyüş maşınını ilk dəfə nümayiş etdirib

Əlcəzair Rusiyadan alınmış BMPT-2 “Terminator” döyüş maşınını ilk dəfə nümayiş etdirib

Əlcəzair Rusiyadan aldığı BMPT-2 “Terminator” tanklara dəstək döyüş maşınlarını ilk dəfə geniş ictimaiyyətə nümayiş etdirib. Ölkənin müstəqilliyinin 60 illiyinə həsr olunmuş hərbi paradda maşınlar ön sıralarda keçib.

“Poliqon” Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute – SIPRI) məlumatına istinadən xəbər verir ki, Əlcəzair ordusu Rusiyadan alınmış 120 ədəd BMPT-2 ilə silahlanıb. BMPT-2 “Terminator” döyüş maşınlarının Əlcəzairə çatdırılması 2020-ci ildə tamamlanıb. Zirehli texnikanın tədarükü ilə bağlı müqavilə isə 2017-ci ildə imzalanıb.

Əlcəzair Quru Qoşunları zirehli qüvvələrinin gücünü artırmaq üçün nəzərdə tutulmuş BMPT “Terminator” döyüş maşınının sınaqları Şimali Afrikanın bu ölkəsində hələ 2013-cü ildə başlayıb. Lakin, məlumatlı mənbələrin iddialarına görə, onun alınması üçün müqavilə yalnız 2016-cı ildə bağlanıb. Çünki, Əlcəzair hökuməti daha təkmil modifikasiyanın – azaldılmış çəkiyə və azaldılmış heyətə (4 əvəzinə 3 nəfər) sahib olan BMPT-2 “Terminator-2” döyüş maşınının yaradılmasını gözləyib.

Döyüş maşınının Əlcəzair versiyasının şassisi yerli qoşunların silahlanmasında olan T-90SA tankı ilə maksimal dərəcədə unifikasiya edilib.

Qeyd edək ki, əvvəllər 300 ədəd BMPT alınması üçün bağlanması ehtimal olunan müqavilə barədə məlumat verilib, lakin əslində neçəsinin sifariş edildiyi bildirilməyib. Tanklara dəstək maşınlarının alınmasında əsas məqsəd zirehli tank diviziyalarının T-90SA tanklarını müşayiət etmək və mühafizəsini təmin etməkdir. Bundan əvvəl onları hava hücumundan müdafiə üçün ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğuları və yerüstü hədəfləri məhv etmək üçün 9K135 “Kornet-E” tank əleyhinə raket sistemləri ilə silahlandırılmış “Land Rover” yüksək keçidliyə malik avtomobillərlə himayə olunublar.

Xatırladaq ki, Rusiyanın özündə 2017-ci ilə qədər BMPT “Terminator” tanklara dəstək döyüş maşınlarının taleyi qeyri-müəyyən idi. Lakin, Suriyada real döyüş şəraitində aparılan sınaqlar bu döyüş maşınlarının bir partiyasının sınaq istismarı üçün istehsalına qərar verməyə imkan verib.

BMPT tanklara dəstək döyüş maşını zirehli (tank) və digər qoşunların döyüş sıralarında döyüş əməliyyatlarının aparılması və döyüş meydanında tankların atəş dəstəyinin təmin olunması, habelə terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatların aparılması üçün nəzərdə tutulmuş döyüş maşınıdır.

BMPT-2 “Terminator-2” tanklara dəstək döyüş maşını Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsalat Konserni” Səhmdar Cəmiyyəti tərəfindən yaradılıb və istehsal edilir. O, birinci BMPT “Terminator” modelinin paralel inkişafıdır. Döyüş maşını, heyət üzvlərinin oxşar yerləşməsi ilə T-72 tankının şassisi əsasında hazırlanıb. Uzunluğu 7200 mm, eni 3600 mm və hündürlüyü 3330 mm-dir. Döyüş kütləsi 44 tondur.

Döyüş maşını 2 ədəd 30 mm-lik 2A42 avtomatik topu (850 ədəd atəş yığımı ilə), 1 ədəd 7,62 mm-lik PKTM pulemyotu (2100 ədəd patronla), 4 ədəd 9M120-1 və 9M120-1F “Ataka” tank əleyhinə idarə olunan raketlərlə silahlanıb. Güc qurğusu qismində 1001 at gücünə (736 kVt) malik V-92S2 dizel mühərriki quraşdırılıb. Asma çənlərlə birlikdə yanacaq üzrə gediş ehtiyatı 500 km-dir. Heyəti 3 nəfərdən ibarətdir.

terminator1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS