Elçin Quliyev: “DSX-nin PUA-larının tətbiqi nəticəsində düşmənin 290 hədəfi məhv edilib”
Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilmişdir.
“Poliqon”un məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev DSX Akademiyasının 10-cu buraxılışına həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.
“Döyüş əməliyyatlarının ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmişlər.
24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etmiş, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı sancmış, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etmişlər.
Bu yüksəkliklərin azad edilməsi uğrunda döyüşlər zamanı bölmələrimizin üzərinə havadan həmlə edən SU-25 düşmən təyyarəsinin atıcı silahlardan açılmış atəşlə məhv edilməsi də hərb tariximizə həkk olunmuşdur”, – deyə Elçin Quliyev vurğulayıb.
Xidmət rəisi bildirib ki, AN-2 təyyarələrinin pilotsuz uçuş aparatları kimi modernləşdirilərək müasir döyüş elementləri sırasına əlavə edilməsi və xüsusi tətbiqi nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin və digər strateji hədəflərinin aşkarlanaraq məhv edilməsinə nail olunmuşdur.




