Elçin Quliyev: Helikopter təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb

Elçin Quliyev: Helikopter təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə uçuş edib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar təşkil olunan brifinqdə deyib.

“Qəza nəticəsində 14 hərbi qulluqçumuz həlak oldub, 2 hərbi qulluqçumuz yaralanıb. Həlak olmuş şəhidlərimizin valideynlərinə, yaxınlarına, qohumlarına, əzizlərinə, övladlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldı və onların sağlamlığının bərpası üçün həkimlərimiz tərəfindən zəruri tədbirlər görülməkdədir”, – deyə DSX rəisi vurğulayıb.

General-polkovnik Elçin Quliyev bildirib ki, hadisə haqqında ona məruzə edilərkən dərhal müvafiq göstərişlər verib: “Mənimlə bərabər, Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri hadisə yerinə hərəkət etmişik. Hadisə yerini Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Hərbi Prokurorluğun, Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə ilkin müayinə etmişik. Müayinə etdikdən sonra tərəfimdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edilmişdir. Möhtərəm cənab Prezident tərəfindən hadisənin təfərrüatlarının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralanan hərbi qulluqçularımızın müalicəsi ilə əlaqədar müvafiq tapşırılar verilib”.

DSX rəisi bildirib ki, helikopterin pilotu polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlardan biridir. O, hələ Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib.

“Helikopter demək olar ki, yenidir və qısa müddət öncə onda təmir işləri aparılıb. Hadisə ilə əlaqədar ilkin müayinə işlərinin aparılmış və qara qutu tapılmışdı. Hazırda qara qutunun müvafiq hissələri Baş Prokurorluqdadır. Baş Prokurorluq tərəfindən dərin təhlil işləri aparıldıqdan sonra hadisənin başvermə səbəbi daha da dəqiqləşdiriləcək. Hazırda hadisənin başvermə səbəbi haqqında dəqiq söz demək mümkün deyil. Bir onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz”, – deyə general-polkovnik Elçin Quliyev vurğulayıb.

DSX rəisi bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara şəhid statusunun verilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıqlar verdiklərini deyən general-polkovnik Elçin Quliyev dəfn mərasimlərinin sabah gün ərzində valideynlərlə məsləhətləşmələr aparıldıqdan sonra həyata keçiriləcəyini bildirib: “Bu haqda müvafiq tapşırıqlar verilib. Ancaq ilkin olaraq valideynlərlə məsləhətləşməliyik”.

CATEGORIES
TAGS