Ermənistan Rusiyadan yeni silahlar və hərbi nəqliyyat təyyarələri alacaq
Ermənistanın müdafiə naziri David Tonoyan “Armiya-2020” Beynəlxalq hərbi-texniki forum çərçivəsində Rusiya Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin direktoru Dmitri Şuqaev və “Rosoboronexport” şirkətinin baş direktoru Aleksandr Mixeyev ilə görüşüb.
Azeri Defence saytının Ermənistan mediasına istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Rusiya arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər arasında mövcud müqavilələrin yerinə yetirilməsi məsələləri, bir sıra yeni müqavilələr barədə razılıq əldə edilib.
Bundan başqa birgə müəssisələrin yaradılması və özəl hərbi-sənaye şirkətləri tərəfindən istehsalın təşkilinin vacibliyi vurğulanıb. Habelə Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti “Taktik Raket Silahları” korporasiyasının rəhbərliyi ilə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azeri Defence saytının “Armiya-2020” Beynəlxalq hərbi-texniki forumunda iştirak edən əməkdaşının Rusiya hərbi sənaye kompleksindən əldə etdiyi məlumata görə, forum çərçivəsində Ermənistan və Rusiya arasında modernləşdirilmiş İl-76 hərbi-nəqliyyat təyyarələrinin alınması razılaşdırılıb. Yeni təyyarənin alınması ilə yanaşı Ermənistan Hərbi Hava Qüvvələrinin İl-76 təyyarələrinin modernləşdirilməsi həyata keçiriləcək.
Qeyd edək ki, “Armiya-2020” çərçivəsində Ermənistanın Müdafiə Nazirliyi ilə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası (OAK) arasında Su-25 döyüş təyyarələrinin modernizasiyası ilə bağlı müqavilə imzalanıb. Müqaviləyə əsasən Ermənistan Hərbi Hava Qüvvələrinin 4 ədəd Su-25 döyüş təyyarəsi Rusiyada modernləşdiriləcək.