
Ermənistan “Osa-AK” ZRK-lərin elektro-optik kameralarını yeniləyib – FOTO
Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərində “Osa-AK” zenit-raket kompleksləri ilə pilotsuz uçuş aparatları ilə mübarizə mövzusunda təlim keçiriblər.
“AzeriDefence”nin məlumatına görə, ermənilərə aid sosial şəbəkələrdə yer alan görüntülərdə aprelin 29-da cəbhə xəttində keçirilmiş təlimlərə “müasirləşdirilmiş “Osa-AK” zenit-raketi komplekslərinin (ZRK) cəlb edildiyi” bildirilir.
Ermənilərin yayımladığı fotolarda diqqət çəkən məqam müasirləşdirilmiş “Osa-AK” ZRK-lərin yeni elektro-optik komplekslərlə təchiz edilməsi olub. Radiosükut rejimində hədəflərin aşkarlanması və izlənməsinə imkan verən elektro-optik kompleks özündə TV kamera, termal kamera və lazer məsafəölçəni birləşdirir. Kamera görüntüsü operatorun monitoruna (ABŞ-ın “Lilliput Electronics” şirkətinin istehsalı) ötürülür.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında yer alan “Osa-AK” ZRK-lər yerli “Patenş” QSC və “Jamar-D.D” ASC-nin iştirakı ilə müasirəşdirilib. Həmin dövrdə Ermənistan mediası müəssisə rəsmilərinə istinadən “Osa-AK” ZRK-də müasirləşdirilmiş “TOV-M” elektro-optik kompleksin qurulduğunu yazıb.
2019-cu ilin dekabr ayında müasirləşdirildiyi bildirilən ona yaxın “Osa-AK” ZRK Ermənistan Ordusuna təhvil verilib.