Ermənistan Silahlı Qüvvələri dövlət sərhədində təxribatları davam etdirir

Ermənistan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədində təxribatlar davam edir.
Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Aprelin 1-də saat 12:25-dən başlamaqla DSX Sərhəd Qoşunlarının Qazax rayonunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələri, həmin istiqamətində avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistan Silahlı Qüvvələrinin İcevan rayonunun Kirans kəndi yaxınlığında yerləşən bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə xəsarət yetirilib.
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.




