Ermənistan Fransadan CAESAR ÖAQ-lar satın alır

Ermənistan Fransadan CAESAR ÖAQ-lar satın alır

Fransa və Ermənistan arasında CAESAR özüyeriyən artilleriya qurğularının (ÖAQ) satın alınması üçün müqavilə imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” hesabında paylaşım edib.

“Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. CAESAR ÖAQ-larının alınması üçün müqavilənin imzalanması yeni və mühüm mərhələdir”, – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, CAESAR (Camion équipé d’un système d’artillerie) Fransanın “Nexter” şirkəti tərəfindən layihələndirilmiş və istehsal edilmiş 155 mm-lik özüyeriyən artilleriya qurğusudur. Zirehli kabinalı 6×6 təkər formullu Renault Sherpa 10 şassisində quraşdırılmış artilleriya hissəsi 155 çaplı, 52 çap uzunluğunda lüləyə malik TR F1 haubitsasının təkmilləşdirilmiş variantıdır.

Haubitsadan ERFB mərmilərlə elan edilmiş atış məsafəsi 41 km, M982 “Excalibur” aktiv-reaktiv mərmilərlə 46-49 km, М2005 V-LAP mərmilərlə isə 54 km-dir. Atəş tezliyi 6 saniyədə 3 atış, daşınan döyüş dəsti 18 atəş yığımıdır. Gövdə uzunluğu 10500 mm, eni 2500 mm və hündürlüyü 3260 mm-dir. Döyüş vəziyyətində çəkisi 17,7 ton, heyəti 4-5 nəfərdir.

CATEGORIES
TAGS