
Türkiyənin HEGİDAS sistemi xarici müştəri üçün inşa olunan korvetə inteqrasiya edilib
Türkiyənin STM və “Berkin Engineering” şirkətlərinin birgə hazırladığı HEGİDAS helikopter eniş dəstək işıqlandırma sistemi STM-in baş podratçılığı ilə xarici müştəri üçün inşa olunan korvetə inteqrasiya edilib.
“Poliqon” STM-ə istinadən xəbər verir ki, qəbul sınaqlarını uğurla tamamlayan Türkiyənin yerli HEGİDAS sistemi istismara verilib və vəzifəsini yerinə yetirməyə başlayıb.
Beləliklə, Türkiyədə milli imkanlarla inkişaf etdirilən HEGİDAS sistemi ilk dəfə ixrac layihəsi çərçivəsində istifadə olunub.
Bildirilib ki, yerli istehsal olan HEGİDAS, STM-in baş podratçılığı ilə ixrac üçün inşa edilən daha bir korvetə inteqrasiya ediləcək. Bununla yanaşı, sistemin Malayziya üçün inşa olunacaq üç korvetə, Türkiyədə isə MİLGEM layihəsi çərçivəsində inşa ediləcək “İstif” sinifli 6-12-ci gəmilərə inteqrasiyası planlaşdırılır. Türkiyənin HEGİDAS sistemi həm ölkə daxilində, həm də xaricində ümumilikdə 12 suüstü platformada fəaliyyət göstərəcək.
Vizual yönləndirmə və uçuş göyərtəsini işıqlandırma avadanlıqlarından ibarət olan HEGİDAS, bu avadanlıqların uyğun konfiqurasiyada işləməsini təmin edən proqram təminatlarını da özündə birləşdirir. Sistem, pilotların helikopteri gəmiyə təhlükəsiz şəkildə yaxınlaşdırması və endirməsi baxımından kritik rol oynayır. Yerli və milli olaraq hazırlanmış HEGİDAS sayəsində helikopterlər həm gündüz, həm də gecə əməliyyatlarında gəmiyə təhlükəsiz eniş edə biləcək. Gecə və görmənin pis olduğu şəraitlərdə pilotların təhlükəsiz şəkildə əməliyyat aparmasına imkan yaradan HEGİDAS, onların iş yükünü minimuma endirir. HEGİDAS, korvet, freqat, logistik dəstək və tanker gəmiləri də daxil olmaqla göyərtəsində helikopter eniş-qalxış meydançasına malik bütün hərbi suüstü platformalarda istifadə oluna bilər.