Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alır

Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alır

Ermənistan Hindistandan 155 mm çaplı haubitsalar alır.

“Poliqon” Hindistan mediasına istinadən xəbər verir ki, 9 noyabr 2022-ci ildə Hindistanın böyük “Kalyani Group” özəl sənaye qrupunun əsasını təmsil edən “Bharat Forge Limited” şirkəti, özünün “Kalyani Strategic Systems Limited” (KSSL) törəmə müdafiə bölməsinin adı açıqlanmayan “dost xarici ölkə” üçün üç il ərzində istehsal olunacaq 155 mm-lik artilleriya top platformaları üçün ixrac sifarişi aldığını açıqlayıb.

Qeyd olunur ki, müqavilənin dəyəri 155,5 milyon ABŞ dollarına bərabərdir.

“Bharat Forge” şirkəti nə sifarişçini, nə də sifariş edilən silahların sayını açıqlamasa da, sifarişin “münaqişəsiz zona” üçün olduğunu bildirib. İxrac ölkəsi dəqiqləşdirilməsə də, qeyd olunur ki, Səudiyyə Ərəbistanı 2020-ci ildə şirkət tərəfindən istehsal olunan 155 mm/52 yedəyə alınan “Bharat 52” haubitsasının sınaqlarını həyata keçirib.

Hindistan nəşrlərinin Hindistan Müdafiə Nazirliyindəki mənbələrə istinadən verdiyi məlumata görə, hökumətlərarası razılaşmaya əsasən Ermənistan sifarişçidir və ona təkərli avtomobil şassisində KSSL tərəfindən istehsal edilmiş 155 mm/39 özüyeriyən haubitsalar çatdırılmalıdır. Beləliklə, görünür, söhbət Ermənistana 4×4 təkər formullu avtomobil şassisində 155 mm/39 MArG 155-BR özüyeriyən haubitsalarının tədarükündən gedir.

“Kalyani Strategic Systems Ltd” şirkəti tərəfindən inkişaf etdirilmiş bu sistem ilk dəfə 2020-ci ilin fevralında “DefExpo India 2020” müdafiə sərgisində reklam materiallarında (prospektlərində) təqdim edilib. 2021-ci ilin dekabrında isə “Bharat Forge” şirkətinin Punedəki müəssisəsində təcrübə və ya istehsaldan əvvəl nümunə olması məlum olmayan ilk tamamlanmış dəst MArG 155-BR (155mm Multi-terrain Artillery Gun) özüyeriyən haubitsasının təqdimatı keçirilib. Ancaq, indiyə qədər Hindistan Ordusu tərəfindən MArG 155-BR özüyeriyən haubitsalarının alınması elan edilmədiyi üçün Ermənistan, görünür, onların ilk müştərisi kimi çıxış edir.

MArG 155-BR sistemi, “Bharat Forge” şirkəti tərəfindən “4×4 təkər formullu avtomobilə quraşdırılmış dünyada yeganə 155 mm-lik 39 çap lülə uzunluqlu artilleriya sistemi” kimi reklam edilir.

Layihələndirici tərəfindən sistemin TS-20 olaraq işarələnən artilleriya hissəsi KSSL tərəfindən hazırlanmış 155 mm-lik 39 çap lülə uzunluğuna malik ULH (Ultra-Light Howzitzer) ultra yüngül yedəyə alınan haubitsa əsasında hazırlanmışdır ki, bu da ABŞ-ın “BAE Systems” şirkətinin tanınmış 155 mm çaplı M777 yüngül yedəyə alınan haubitsasının aşkar təqlididir.

ULH haubitsası lafet və təpmə qurğularının müxtəlif konstruksiya materiallarına görə üç variantda hazırlanıb – polad (All Steel, ümumi kütləsi 6,8 ton), titan (Titan, kütləsi 4,8 ton) və qarışıq (Advance Hybrid). Hər üç variant Hindistan Ordusunun maraqlarına uyğun olaraq son bir neçə ildə sınaqdan keçirilir. Silahın ballistik xüsusiyyətləri 155 mm/39 çap üçün NATO standartına tam uyğundur belə ki, adi mərmi ilə atəş məsafəsi təxminən 24 km-dir.

Ehtimal olunur ki, MArG 155-BR özüyeriyən haubitsasında ULH haubitsasının daha inkişaf etdirilmiş polad variantı əsasında hazırlanmış artilleriya hissəsi quraşdırılıb. 4×4 təkər formuluna malik özüyeriyən qurğu Hindistan istehsalı olan “Ashok Leyland Mk 4” hərbi yük avtomobili əsasında hazırlanıb və beş nəfərlik heyət üçün zirehli kabina ilə təchiz edilib.

Özüyeriyən artilleriya qurğusunun (ÖAQ) ümumi döyüş kütləsi 18 tondur. ÖAQ-ın yürüş vəziyyətində uzunluğu 9391 mm, eni 2650 mm və hündürlüyü 3160 mm-dir. Daşınan döyüş dəsti hər mərmi üçün beş atımlı 18 atəş yığımıdır. ÖAQ-ı mövqedə döyüş vəziyyətinə gətirmək müddəti gündüz 1,5 dəqiqə, gecə isə 2 dəqiqə təşkil edir.
Bildirilir ki, MArG 155-BR ÖAQ 60 dəqiqədə 42 atış sürəti ilə davamlı atəş açmaq qabiliyyətinə malikdir, intensiv atəş rejimində atış sürəti 3 dəqiqədə 12 atəşdir. İlk üç atışın isə 30 saniyədə yerinə yetirildiyi iddia edilir.

ÖAQ-da müasir atəşi idarəetmə sistemi quraşdırılıb. Lülənin maksimal qalxma bucağı 72 dərəcədir, mərkəz xəttindən 25 dərəcə sektorlarda atəş açmaq mümkündür.

Qeyd etmək lazımdır ki, “Bharat Forge” şirkəti, KSSL vasitəsilə Hindistanda ən böyük artilleriya istehsalçısı olmaq ambisiyalarına malikdir və son illərdə 155 mm çaplı 39 çap lülə uzunluğuna malik ULH yedəyə alınan haubitsa və onun MArG 155-BR ÖAQ variantı ilə yanaşı eyni anda bir neçə sistem hazırlayıb:

– 155 mm/45 və 155 mm/52 “Bharat” yedəyə alınan-özühərəkət edən haubitsalar;

– 105 mm çaplı Garuda 105 yüngül özüyeriyən haubitsa;

– 155 mm/52 özü hərəkət edən avtomatlaşdırılmış ATAGS (Advanced Towed Artillery Gun System) haubitsa.

ATAGS, 2013-cü ildən Hindistan Dövlət Müdafiə Tədqiqat və İnkişaf Təşkilatının (DRDO) himayəsi altında “Tata” qrupu ilə birgə Hindistan Ordusu üçün yaradılıb. ATAGS haubitsasının poliqon sınaqları 2016-cı ilin dekabrından 2022-ci ilin may ayına qədər aparılıb. Baxmayaraq ki, hələ 2018-ci ilin avqustunda Hindistan Müdafiə Nazirliyinin Müdafiə Təchizat Şurası ordu üçün 150 ədəd ATAGS silahının alınmasını təsdiqləsə də, onun seriyalı istehsalına indiyədək başlanmayıb.

Bəzi mənbələr Ermənistanın ATAGS avtomatlaşdırılmı özü hərəkət edən haubitsalarını almasını yazır. Digər mənbələr isə MArG 155-BR ÖAQ almasını qeyd edir. “Bharat Forge” şirkəti isə bu xəbərlərin heç birini nə təsdiq, nə də təkzib edir.

Bundan başqa, əvvəllər “Bharat Forge” uzun müddət Hindistan ordusu üçün 81 mm və 120 mm çaplı minaatanlar, onlar üçün atəş yığımları (döyüş sursatı), habelə 105, 122, 130 və 155 mm çaplı artilleriya sursatları istehsal edib. Bunu nəzərə alaraq, 44 günlük müharibədə itirdiklərinin yerini gələcəkdə doldurmaq üçün Ermənistanın bu şirkətin məhsullarından istifadə edəcəyini ehtimal etmək olar.

Beləliklə, Hindistan Ermənistan üçün aparıcı silah tədarükçüsünə çevrilir. 155 mm/39 MArG 155-BR özüyeriyən haubitsalarının alınması üçün bağlanmış hazırkı müqavilə Hindistanda məlum olan üçüncü əhəmiyyətli erməni müdafiə sifarişidir. Xatırladaq ki, cari ilin sentyabr ayının əvvəlində Ermənistanın Hindistandan 214 mm-lik “Pinaka” yaylım atəşli reaktiv sistemlərin və onlar üçün reaktiv mərmilərin, tank əleyhinə raket komplekslərinin və müxtəlif döyüş sursatlarının alınması barədə dəyəri 250 milyon ABŞ dollarından çox olan müqavilə imzaladığı barədə məlumat yayılıb. 2020-ci ilin əvvəlində isə Ermənistan artilleriya mövqelərini aşkar etmək üçün Hindistanla dörd ədəd “Swathi Weapon Locating Radar” (WLR) yerüstü radiolokasiya stansiyasının alınması barədə təxminən 40 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS