Ermənistan Ordusu Hindistana yeni almaq istədiyi silah və texnikaların siyahısını təqdim edib

Ermənistan Ordusu Hindistana yeni almaq istədiyi silah və texnikaların siyahısını təqdim edib

Ermənistan Silahlı Qüvvələri Hindistandan pilotsuz uçuş aparatları (PUA) və digər hərbi təyinatlı məmulatların alınması ilə bağlı danışıqlar aparır.

“Poliqon” Hindistanın DNA nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə Ermənistan Müdafiə Nazirliyini təmsil edən nümayəndə heyəti cari ilin iyun ayında Hindistana gedib və hindistanlı tərəfdaşları ilə görüşüb. Görüş zamanı Ermənistanın nümayəndə heyəti Hindistandan almaq istədikləri silah və texnikaların siyahısını təqdim edib.

Siyahının məzmunu haqqında təfərrüatlara varmadan qısa açıqlama verən Hindistan rəsmisi siyahıda əsasən PUA-ların diqqəti cəlb etdiyini və həmin siyahıda təkcə PUA-ların olmadığını bildirib.

Xatırladaq ki, aprelin 13-də Ermənistan Müdafiə Nazirliyində keçirilən görüşdə Ermənistan müdafiə naziri Suren Papikyan və Hindistanın Ermənistandakı səfiri Kişan Dan Deval Ermənistan və Hindistan Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq sazişinin imzalanmasının vacibliyini vurğulayıblar. Daha sonra “Armenpress”ə müsahibəsində səfir K.Deval bildirib ki, Ermənistan tərəfi Hindistanla müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Hindistanın hərbi təyinatlı məhsullarına maraq göstərməsi ilk dəfə deyil. Hindistanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərlə münasibəti genişləndirməyə xüsusi önəm verən rəsmi İrəvan bunun üçün bəzi şirnikləndirici addımlar da atır. Hindistanda hərbi sərgilərdə yüksək rütbəli nümayəndə heyəti ilə təmsil olunan Ermənistan Müdafiə Nazirliyinin bu ölkədən xüsusi təyinatlılar üçün yüngül dəbilqə, mühəndis-istehkam birlikləri üçün qoruyucu geyimlər, habelə hədəf sistemləri və atış simulyatorları almasına dair məlumatlar mövcuddur.

Bundan başqa, 2020-ci ilin əvvəllərində Ermənistan Hindistandan 4 ədəd “Swathi Weapon Locating Radar” (WLR) konrtbatareya radiolokasiya stansiyasının alınması barədə dəyəri 40 milyon ABŞ dolları olan müqavilə imzalayıb. Hindistanın kontrbatareya radarı Ermənistan tərəfindən keçirilən, Rusiya (1L219M “Zoopark-1M” RLS) və Polşa (“Liwiec” RLS) istehsalı olan oxşar avadanlıqların iştirak etdiyi tender nəticəsində seçilib.

“Swathi WLR” kontrbatareya radarı atəş və ya buraxılış faktı üzrə minaatanların, artilleriya toplarının, yaylım atəşli reaktiv sistemlərin və taktiki raket qurğularının koordinatlarını müəyyən etmək üçün təyin edilib.

Radar, “Electronics and Radar Development Establishment” (LRDE), Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (Defence Research and Development Organisation – DRDO) laboratoriyası və “Bharat Electronics Limited” (BEL) şirkəti tərəfindən birgə hazırlanmış, gələn artilleriya sursatlarını, raketləri aşkar etmək və izləmək üçün təyin edilmiş fazalı şəbəkəli mobil artilleriya lokatorudur.

“Swathi WLR” radarı Hindistanın “Akash” zenit-raket kompleksinin “Rajendra” çoxfunksiyalı RLS-i əsasında hazırlanıb. Radar radiolokasiya şəbəkəsinin konstruksiyasının və alqoritmlərinin etibarlı quruluşu “Swathi WLR” RLS-inə hətta yüksək atəş sıxlığı və ağır radioelektron müdaxilə şəraitində də effektiv işləməyə imkan verir.

Radarın köməyi ilə eyni anda 7 ədədə qədər hədəfi izləmək mümkündür. RLS-in antenası 90° şaquli və 360° üfiqi bucaqlarda uçan döyüş sursatlarını izləmək qabiliyyətinə malikdir. Radar həm kiçik, həm də böyük bucaqlarda, eləcə də bütün rakurslarda – radarın arxasında və ya yan tərəfində, yaxud antenaya əyilmiş bucaq altında uçan sursatları izləyə bilir. Radar dağlıq ərazidə, 4900 m-ə qədər yüksəklikdə fəaliyyət göstərə bilir.

Stansiya Hindistanda lisenziya əsasında “Bharat Earth Movers Limited” (BEML) dövlət şirkəti tərəfindən istehsal olunan Tatra T815 (8×8) avtomobilinin şassisində quraşdırılıb. Zərbə və vibrasiya xassələri, həmçinin EMI elektromaqnit müdaxilə (electromagnetic interference) və EMC elektromaqnit uyğunluq (electromagnetic compatibility) müqaviməti beynəlxalq hərbi standartlara cavab verir. “Swathi WLR” stansiyası ərazidə tez bir zamanda açılma və yığılma üçün təyin edilib və 30 dəqiqə ərzində fəaliyyətə hazır ola, habelə hər hansı bir daxil olan təhlükə halında tez bir zamanda təhlükə zonasından çıxarıla bilir.

Poliqon.az

CATEGORIES
TAGS