QuruXəbərlər

Ermənistanın HHM bölmələri İran və Hindistandan alınmış ZRK-lərlə təlim keçirib

Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə (HHM) bölmələri İran və Hindistandan əldə edilən zenit-raket kompleksləri (ZRK) ilə təlim keçirib.

“Poliqon” xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan sosial şəbəkə hesablarında paylaşım edib.

Bildirilib ki, təlim zamanı İrandan alınan “Scorpion” (AD-08 “Majid”) və Hindistandan tədarük edilən “Lusan” (“Akash”) zenit-raket komplekslərindən istifadə olunub.

AD-08 “Majid”, İran istehsalı olan qısa mənzilli hava hücumundan müdafiə sistemidir. Ermənistan Ordusunda “Scorpion” adı ilə silahlanmaya daxil edilmiş kompleks əvvəlki “Majid” versiyalarından fərqli olaraq radar inteqrasiyalı konfiqurasiyadadır.

Qısa mənzilli mobil ZRK olan AD-08 “Majid”də istifadə edilən raket passiv infraqırmızı özütuşlama sistemi ilə təchiz olunub. Raket 700 metrdən 8 kilometrədək məsafədə və 20 metrdən 6 kilometrədək yüksəklikdə yerləşən hədəfləri məhv edə bilir. Raketin dia­metri 156 mm, uzunluğu 2670 mm, ümumi çəkisi isə 75 kq təşkil edir.

Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkəti tərəfindən istehsal olunan “Akash-1S”, mövcud “Akash” ZRK-nin təkmilləşdirilmiş variantıdır və Ermənistanda “Lusan” adı ilə silahlanmaya daxil edilib. Orta mənzilli ZRK olan “Akash-1S” 30 km-ə qədər məsafədə və 18 km-ə qədər yüksəklikdə uçan hədəfləri vurmaq üçün nəzərdə tutulub. Onun raketi 720 kq çəkiyə, 5820 mm uzunluğa və 350 mm diametrə malikdir. Döyüş başlığının çəkisi isə 60 kq təşkil edir.

Back to top button