Ermənistana satılan “Black Arrow” snayper tüfəngləri Azərbaycanın etirazına səbəb oldu
“AzeriDefence”nin xəbərinə reaksiya verildi
Serbiyanın Ermənistan Respublikasına 2007-ci ildə satdığı M93 Black Arrow markalı snayper tüfənglərinin Qarabağdakı separatçı ordunun hərbçilərinin əlinə keçməsi Azərbaycanın etirazına səbəb olub. Bu barədə “AzeriDefence”yə diplomatik mənbələrdən məlumat verilib.
İlk dəfə www.azeridefence.com saytının əldə edərək yaydığı foto və məlumatda Serbiyanın 2007-ci ildə Ermənistana satdığı 250 ədəd M93 Black Arrow markalı snayper tüfənginin bir qisminin Dağlıq Qarabağdakı separatçı rejimin hərbi uniformasını daşıyan şəxslərin əlində nümayiş olunması rəsmi Bakını hərəkətə keçirib. Məlumatı araşdıran hərbi qurumlar bunun təsdiq edən foto və video görüntüləri əldə edib, Serbiyanın müvafiq qurumlarına, o cümlədən bu ölkənin silah ixracatını həyata keçirən şirkətinə etirazla birgə təqdim olunub.
Etirazda ölkələr arasında sıx əlaqələrin olduğu, rəsmi Bakının Serbiyanın, Belqradın isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. Yüksələn əməkdaşlıq kontekstində bu cür halların münasibətlərə xələl gətirdiyi qeyd olunub.
Faktla bağlı snayper tüfənglərinin istehsalçısı olan “Zastava Arms” şirkətinə də etiraz göndərilib və Ermənistana silah satışı zamanı diqqətli olmaq tövsiyə edilib.
Qeyd edək ki, hazırda imzalanmış müqavilə çərçivəsində “Zastava Arms” şirkəti tərəfindən Azərbaycanda silah istehsalı həyata keçiriləcək zavodun tikintisinin aparılması barədə məlumatlar mövcuddur.