
Estoniya mərkəzli “Milrem Robotics” şirkətinin Tallində yerləşən obyektində baş verən yanğının Rusiya tərəfindən törədilən təxribat olub-olmaması araşdırılır.
“Poliqon” xəbər verir ki, bu barədə “Milrem Robotics” şirkətinin baş direktoru Kuldar Väärsi “LinedIn” sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, həftəsonu şirkətinin Tallində yerləşən obyektlərindən birində yanğın baş verib: “Ən əsası, xəsarət alan olmayıb. Təhlükəsizlik sistemlərimiz hadisəyə operativ müdaxilə etməyə imkan verib, polis və xilasetmə xidmətləri qısa müddətdə hadisə yerinə gəlib”.
Estoniya hakimiyyəti baş verənləri qəsdən yandırma və bunun təxribat cəhdi olub-olmaması ehtimallarını araşdırdıqlarını bildirib. Ölkənin Baş naziri Kristen Mixal da müstəntiqlərin bu hadisəsinin arxasında Rusiyanın dayanıb-dayanmadığını araşdırdığını qeyd edib.
Baş direktorun sözlərinə görə, “Milrem” və Estoniya müdafiə sənayesi son dövrlərdə Rusiyanın diqqət mərkəzində getdikcə daha çox yer alır: “2022-ci ildə Moskvada yerləşən bir müdafiə beyin mərkəzi Ukraynada “Milrem” şirkətinin THeMIS yerüstü döyüş robotlarından birinin ələ keçirilməsinə görə 1 milyon rubl mükafat təklif etmişdi. Sonradan bu məbləğ 2 milyon rubla qədər artırılmışdı”.
Yanğının şirkətin işinə və müştərilərə tədarüklərinə ciddi təsir göstərmədiyini bildirən K.Väärsi vurğulayıb ki, bu ilin sonuna qədər Ukraynada 150-dən çox THeMIS yerüstü döyüş robotu xidmət göstərəcək. Eyni zamanda, “Milrem Robotics” qarşıdakı illər ərzində bu sayın daha da artırılması üzərində çalışır.





