Estoniya yaxın və orta mənzilli HHM sistemləri almağı planlaşdırır

Estoniya yaxın və orta mənzilli HHM sistemləri almağı planlaşdırır

Estoniya hökuməti müdafiə xərclərinin 476 milyon avro (523 milyon ABŞ dolları) artırılmasını təsdiqləyib. Bu məbləğin böyük payı (təxminən 74%) yaxın və orta mənzilli hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması üçün nəzərdə tutulub.

“Poliqon”un məlumatına görə, Estoniya Müdafiə Nazirliyinin rəsmi “Tvitter” hesabında bildirib ki, əlavə xərclər “ölkənin müdafiə xərclərini Estoniyanın ÜDM-nin 2,5%-dən çoxuna qədər artıracaq”. Eyni zamanda, NATO üzvləri üçün tələblərə onun üzvlərinin ümumi daxili məhsulunun ən azı 2%-ni müdafiəyə xərcləməsi tələbi də daxildir.

Xatırladaq ki, keçən il Estoniyanın müdafiə naziri Kalle Laanet ölkəsinin Litvanın Müdafiə Nazirliyinin Norveçin “Kongsberg Defence & Aerospace” şirkətindən sifariş etdiyi qabaqcıl “yer-hava” sinif raket sisteminə bənzər yaxın və orta mənzilli hava hücumundan müdafiə sistemi almağı planlaşdırdığını açıqlayıb. Nazir Kalle Laanet deyib ki, “Biz bu layihəni ABŞ ilə əməkdaşlıq çərçivəsində başlamaq istərdik”.

Estoniya Müdafiə Nazirliyi HHM sistemlərinin əldə edilməsinin dəyərinin təxminən 350 milyon avro olacağını təxmin edir. Əlavə maliyyə həm də Estoniyaya “tank əleyhinə imkanları, bağlı mövqelərdən atəş açma və şərait haqqında məlumatlılıq vasitələrini” gücləndirməyə imkan verəcək. Estoniyanın müdafiə nazirinin sözlərinə görə, satınalma planlarına həmçinin yaylım atəşli reaktiv sistemlər, sahil raket əleyhinə müdafiə sistemləri, pilotsuz sistemlər və kibermüdafiə sistemləri daxildir.

Qeyd edək ki, hazırda Norveçin “Kongsberg Defence & Aerospace” şirkətinin ən qabaqcıl HHM sistemi NASAMS-dır. NASAMS (ing. National/Norwegian Advanced Surface to Air Missile System) aşağı və orta hündürlükdə manevr edən aerodinamik hədəflərlə mübarizə aparmaq üçün təyin edilmiş mobil zenit-raket kompleksi olmaqla, yaxın və orta mənzilli HHM sistemidir. Kompleks Norveçin “Kongsberg Defense & Aerospace” şirkəti tərəfindən ABŞ-ın “Raytheon” şirkəti ilə birlikdə hazırlanıb.

NASAMS hava hücumundan müdafiə sisteminin əsas taktiki vahidi batareyadır. Batareya üç atəş taqımından ibarətdir. Batareyanın silahlanmasına, hər biri 6 ədəd idarə olunan zenit raketi (AMRAAM AIM-120 və onun modifikasiyaları, AMRAAM ER) olan 9 ədəd buraxma qurğusu, 3 ədəd AN/TPQ-36A radiolokasiya stansiyası və NTAS (Norwegian Tracking Adjunct System) optoelektron tuşlama sistemi daxildir.

Sistemin növbəti modifikasiyaları mövcuddur:

– NASAMS II – kompleks prototipdən yüksək mobilliyi ilə fərqlənir. NASAMS II buraxma qurğuları yüksək keçidlik qabiliyyətinə malik Bv 206 tipli şassiyə quraşdırılıb. Batareyaya 3 əvəzinə 4 atəş taqımı, 3 əvəzinə 6 ədəd AN/TPQ-64 radiolokasiya stansiyası və 9 əvəzinə 12 ədəd buraxma qurğusu daxildir;

– HUMRAAM (HMMWV-mounted Advanced Medium Range Air-to-Air Missile) — özüyeriyən kompleksdir;

– SLAMRAAM (Surface Launched AMRAAM) — özüyeriyən kompleksdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS