ƏÜO-da gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılışı olub – VİDEO
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, mərasimdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Polkovnik Mahmud Əmirov kurslar zamanı keçirilən məşğələlərdən danışıb və məzunları kursları uğurla başa vurmaları münasibətilə təbrik edib.
Məzunlar adından çıxış edən Şahin Cəfərov kursları əvvəl bitirən məzunlar kimi şərəflə xidmət edəcəklərinə, növbəti kurslarda iştirak edəcək gənclərə nümunə olacaqlarına söz verib.
Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu Komandanın müavini, general-mayor Məhəmməd Həsənov bildirib ki, bu gün dünyanın güclü orduları sırasında olan Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ili böyük uğurlarla başa vurub.
Qeyd olunub ki, 2024-cü ildə də Azərbaycanda ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsi, maddi-texniki bazanın inkişaf etdirilməsi, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması prioritet vəzifələr kimi müəyyənləşdirilib. Bu da hərbi qüdrətimizin daha da artmasına şərait yaradacaq. Əminliklə deyə bilərik ki, Əlahiddə Ümumqoşun Orduda da bu istiqamətdə tədbirlər həyata keçiriləcək, bundan sonra da muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi üçün lazımi addımlar atılacaq.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub. Sonda xatirə şəkli çəkdirilib.