“Otokar” şirkəti Rumıniya Ordusuna 1 milyard dollarlıq zirehli maşın tədarük edəcək

“Otokar” şirkəti Rumıniya Ordusuna 1 milyard dollarlıq zirehli maşın tədarük edəcək

Türkiyənin “Otokar” şirkəti ilə Rumıniyanın Milli Müdafiə Nazirliyini təmsil edən “C.N. Romtehnica S.A.” şirkəti arasında 4×4 təkər formullu COBRA II zirehli maşınlarının tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.

“Poliqon” “Otokar”a istinadən xəbər verir ki, tərəflər arasında imzalanan müqavilənin dəyəri 4.2 milyard RON (təxminən 31 milyard TL / 903 milyon ABŞ dolları) təşkil edir.

Müqaviləyə əsasən, Rumıniya Ordusuna ümumilikdə 1059 ədəd COBRA II zirehli maşını tədarük ediləcək ki, bunların da ilk 278 ədədi “Otokar” müəssisələrində, qalan hissəsi isə (781 ədəd) Rumıniyada istehsal olunacaq. Zirehli maşınlarla bağlı tədarüklərin 2025-ci ilin son rübündən başlayaraq 5 il ərzində partiyalar şəklində tamamlanması planlaşdırılır. Həmçinin müqaviləyə bəzi inteqrasiya olunmuş logistik dəstək xidmətləri də daxildir.

Bildirilib ki, “Otokar” şirkətinin imzaladığı bu ixrac müqaviləsi indiyə qədər Türkiyənin tək səfərdə aldığı ən böyük zirehli maşın sifarişdir.

Layihə çərçivəsində “Otokar”ın yalnız zirehli maşın ixracı ilə deyil, gələcəkdə hissələrin satışı və bəzi inteqrasiya olunmuş logistik dəstək xidmətləri ilə də gəlir əldə etməsi gözlənilir.

Xatırladaq ki, “Otokar” bu ilin mart ayında “C.N. Romtehnica S.A.”nın Rumıniya Ordusu üçün açdığı 4×4 təkər formullu zirehli maşınların alınması ilə bağlı tenderə təklif verib.

Həmin vaxt sözügedən tenderdə “Otokar”dan başqa, ABŞ-ın “Oshkosh Defense” və Fransanın “Arquus” şirkətləri də iştirak edirdi. Ancaq maliyyə, aşağı qiymət marjası və müqavilənin sərt şərtləri digər şirkətlərin tenderdə iştirak etməmələrinə səbəb olmuşdu. Beləliklə, Rumıniya Ordusuna 4×4 təkər formullu zirehli maşınların tədarük edilməsi üçün elan olunan tenderdə yalnız Türkiyənin “Otokar” şirkəti qalmışdı.

Tenderin şərtlərinə əsasən, Rumıniya Ordusu üçün təxminən 1 milyard avro dəyərində 9 konfiqurasiyada 1059 ədəd zirehli maşının alınması planlaşdırılmışdı.

COBRA II

COBRA II 4×4 taktiki təkərli zirehli nəqliyyat vasitəsi yüksək qoruma və daşıma səviyyəsi, böyük daxili həcmi ilə seçilir. Üstün hərəkət qabiliyyətindən əlavə, komandir və sürücü də daxil olmaqla 10 personalı daşımaq bacarığına malik olan COBRA II ballistik, mina və ƏPQ (əldəqayırma partlayıcı qurğu) təhlükələrinə qarşı üstün mühafizə xüsusiyyəti sayəsində yüksək səviyyəli təhlükəsizlik təklif edir. Ən çətin relyef və iqlim şəraitində yüksək performans təmin edən COBRA II tələb olunan müxtəlif tapşırıqlara mükəmməl şəkildə uyğunlaşır.

COBRA II-nin maksimum ağırlığı 14500 kiloqram, uzunluğu 6400 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, klirensi 400 mm-dir. Zirehli maşın 30% yan əyimli ərazilərdə hərəkət edə, 60% əyimli dik yoxuşları qalxa, 1000 mm dərinliyindəki su və 500 mm hündürlüyündəki dik maneələri aşa, habelə 1000 mm dərinliyindəki xəndəkləri keçə bilir. 360 at gücündəki turbo dizel mühərrik və avtomatik ötürmələr qutusuna sahib COBRA II maksimum 110 km/saat sürətlə hərəkət edir. “Cobra II”nin tam dolu yanacaqla maksimum əməliyyat mənzili 700 kilometrdir.

Geniş çeşidli silah inteqrasiyası və missiya avadanlığı seçimləri sayəsində xüsusilə üstünlük verilən COBRA II modul quruluşu sayəsində personal daşıyıcısı, silah platforması, quru müşahidə radarı, KBRN kəşfiyyat vasitəsi, komanda idarəetmə maşını və ambulans kimi xidmət edə bilir.

1980-ci illərdən NATO və Birləşmiş Millətlər Təşkilatının hərbi maşın tədarükçüsü olan “Otokar”ın COBRA II 4×4 taktiki təkərli zirehli maşını hazırda 13 ölkədə 20-dən çox istifadəçi tərəfindən aktiv şəkildə istifadə olunur.

CATEGORIES
TAGS