Finlandiya “David’s Sling” ZRK-nin ilk xarici istifadəçisi olacaq
ABŞ hökuməti uzun mənzilli “David’s Sling” zenit-raket kompleksinin (ZRK) İsrail tərəfindən Finlandiyaya satışına icazə verib.
Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.
Bildirilib ki, qarşıdakı müddət ərzində “David’s Sling” ZRK-nin tədarükünə dair istehsalçı “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkəti, İsrail və Finlandiya müdafiə nazirlikləri arasında ümumi dəyəri təxminən 316 milyon ABŞ dolları təşkil edən alqı-satqı müqaviləsi imzalanacaq. Bununla da Finlandiya “David’s Sling” ZRK-nin ilk xarici istifadəçisi olacaq.
Laylı hava hücumundan müdafiə qatının üst təbəqəsini təmsil edən “David’s Sling” ZRK Finlandiya Müdafiə Qüvvələrinə yüksək hündürlükdəki təhdidləri zərərsizləşdirməyə imkan verəcək.
Qeyd edək ki, uzun mənzilli “David’s Sling” zenit-raket kompleksi İsrailin “Rafael” və ABŞ-ın “Raytheon Missiles and Defense” şirkəti tərəfindən birgə hazırlanıb. Elə bu səbəbdən də onun Finlandiyaya tədarükündə ABŞ-ın satış lisenziyası tələb edilib. ZRK 2017-ci ildən İsrail Silahlı Qüvvələri tərəfindən effektiv şəkildə istifadə olunur.