Fransa HDQ təyyarəsi lazer hücumuna məruz qalıb

Fransa HDQ təyyarəsi lazer hücumuna məruz qalıb

Fransa Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Atlantique 2” dəniz patrul təyyarəsi “Lann-Bihoue” hərbi-dəniz aviasiya bazasının əsas uçuş-enmə zolağına enən zaman lazer şüalanmasına məruz qalıb.

“Poliqon” Fransa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, buna görə də enişi davam etdirə bilməyən pilot yaxınlaşmanı dayandırıb və havada qalmalı olub.

Təcavüzkar yəqin ki, kəşfiyyat təyyarəsinə qarşı lazerdən istifadə etdiyini başa düşməyib və təyyarə dərhal cinayətkarı axtarmağa başlayıb. Belə ki, heyət lazer şüasının mənbəyini çox dəqiq müəyyən etmək üçün təyyarənin sensorlarını, xüsusən də onların yüksək dəqiqlikli gündüz/gecə kamerasını tətbiq edib. Bu sensorlardan biri, ehtimal ki, “EO/IR Wescam MX-20” vizuallaşdırma sistemi olub. O, hədəfin təyin edilməsinin və coğrafi topobəndlənmənin yüksək dəqiqliyini təmin edən inersial ölçmə bloku ilə təchiz edilib.

Beləliklə, heyət, həmin şəxsi müəyyənləşdirə və cinayətin sübutlarını qeyd edə bilib. Hələ uçuşda olan səma dənizçiləri (Fransa donanmasında dəniz aviasiyasının heyətləri belə adlanır) bu məlumatları Lorient polis bölməsinin əməkdaşlarına ötürüb, onlar təcavüzkar şəxsi tez bir zamanda həbs edərək onun avadanlıqlarını müsadirə ediblər. Faktla bağlı şikayət verilib və dəniz jandarmasının əməkdaşları tərəfindən araşdırma aparılır.

“Lanveoc”, “Lann-Bihoue” və “Landivisiau” aviasiya bazalarında yerləşdirilən Fransa HDQ təyyarələrinə qarşı bu tipli hadisələrin yenidən təkrarlanması ilə üzləşən Sahilyanı dairə komandanı xatırladıb ki, lazer ticarəti, onların saxlanması və istifadəsi ciddi şəkildə tənzimlənir. Məsələn, 2-ci sinif səviyyəsindən yüksək lazerə sahib olmaq və ya istifadə etmək 7500 avro cərimələnməklə 6 ay həbslə cəzalandırıla bilər.

Bu cinayət cəzalarından başqa, əraziyə yaxınlaşma prosesində olan təyyarəyə lazer şüası tuşlamaq heyət üzvlərinin ciddi və bərpa olunmaz göz zədələnməsi riski deməkdir. Pilotlar tamamilə kor olarsa, bu zaman aviasiya qəzası riski böyükdür.

Qeyd edək ki, “Atlantique 2” təyyarəsinin göyərtəsində heç bir raket və ya lazer xəbərdarlığı sistemi yoxdur. O, qabaqcıl radioelektron mübarizə sistemləri ilə təchiz edilib. Lakin onlar lazerlə deyil, radarlar və rabitə tezlikləri vasitəsilə aktivləşdirilir.

Bu vəziyyətdə, heyət üçün hədəfi tapmaq və tutmaqdan ötrü kabina və təyyarədəki MX-20 operatoru arasında əlaqəni koordinasiya etmək vacibdir. Yüksək uzlaşma əldə etmək üçün isə heyətlər müntəzəm olaraq bunu məşq edirlər.

Xatırladaq ki, baş vermiş hadisə heyətlərin belə problemlə ilk dəfə qarşılaşması deyil. Bir cinayətkar 2018-ci ildə eyni dəniz aviasiya bazasında oxşar əməllərə görə altı ay həbs cəzasına məhkum edilib. Bundan başqa 2014-cü ildə “Lann-Bihoue” dəniz aviasiya bazasının komandiri cəmi doqquz ay ərzində on hərbi təyyarənin lazer hücumuna məruz qaldığını bildirib.

Atlantique 2 heyəti

“Atlantique 2” dəniz patrul təyyarəsinin heyəti

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS