Fransa Ordusuna ilk “Jaguar” EBRC 6×6 kəşfiyyat maşınları tədarük olunub

Fransa Ordusuna ilk “Jaguar” EBRC 6×6 kəşfiyyat maşınları tədarük olunub

Fransa Ordusuna ilk 20 ədəd “Jaguar” EBRC 6×6 kəşfiyyat maşını “Nexter Systems”, “Renault Trucks Defense” və “Thales” şirkətlərinin birgə yaratdığı müvəqqəti GME konsorsiumu tərəfindən təhvil verilib.

“Poliqon” Fransa Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, ilk yeni növ döyüş maşınları ilə 1-ci Afrika süvari alayı (1er Régiment de Chasseurs d’Afrique) silahlandırılacaq.

Yanvar ayında AMX-10RCR təkərli tanklarını əvəz etmək üçün 20 ədəd “Jaguar” EBRC 6×6 kəşfiyyat maşını sözügedən alaya tədarük ediləcək.

Qeyd olunur ki, bu il daha 18 ədəd “Jaguar” EBRC 6×6 kəşfiyyat maşınının çatdırılması planlaşdırılır. Planlara görə, 2030-cu ilə qədər ümumilikdə 300 ədəd “Jaguar” EBRC 6×6 kəşfiyyat maşını ERC-90 Sagaie, VAB HOT və AMX-10RCR maşınlarını əvəz edəcək.

“Jaguar” EBRC (Engin Blinde de Reconnaissance – zirehli kəşfiyyat maşını) sinfinə aiddir və “Scorpion” proqramı çərçivəsində hazırlanır. Fransa Müdafiə Nazirliyi “Jaguar” maşınlarını “Scorpion” proqramının ən mürəkkəb döyüş maşını adlandırır.

“Jaguar” EBRV teleskopik mərmilərdən istifadə edən 40 mm çaplı 40 CTAS (Cased Telescoped Armament System) yeni avtomatik topla təchiz edilib. 40 CTAS avtomatik topu “BAE Systems” və “Nexter Systems” şirkətlərinin yaratdığı “CTA International” Fransa-Britaniya konsorsiumu tərəfindən layihələndirilərək istehsal edilir.

Qeyd edildiyi kimi, topdan teleskopik altı növ atəş yığımından, o cümlədən təlim, zirehdələn, havada partlayan, maneəarxası təsirli və hava hədəflərinə qarşı mərmili döyüş sursatlarından atəş aparılır. Teleskopik atəş yığımında mərmi gilizin içinə “batırılıb” və barıt atımının daxilində yerləşir.

“Jaguar” EBRC avtomatik topdan başqa MMP tank əleyhinə raket kompleksi və 7,62 mm pulemyotu olan məsafədən idarə olunan döyüş modulu ilə silahlandırılıb. Heyəti üç nəfərdən ibarətdir.

Jaquar1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS