
Fransa Quru Qoşunlarında dronlardan istifadə genişləndiriləcək
Fransa Quru Qoşunlarında dron məktəbindən əlavə Taktiki Dron Təlim Mərkəzləri (CETD) yaradılır.
“Poliqon” Fransa Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, buna səbəb son zamanlarda, xüsusilə də Ukrayna və İsrail-Qəzza münaqişələrindən sonra dronlardan istifadənin xeyli intensivləşməsidir.
Bildirilib ki, 2023-cü il 1 iyul tarixində Fransa Quru Qoşunlarında yaradılan dron məktəbi nano və mikro dronların təlimatçılarını və müəllimlərini hazırlayır. O, eyni zamanda ixtisaslaşmış dron operatorlarını (DT46, Ebee TAC və SMDR) və zərbə dronlarının operatorlarını (BH3, EVO NANO, DJI, NX 70, PARROT ANAFI, EBEE Vision, Tundra 2 və MTO CP) yetişdirir. Məktəb aşağıdakı bölmələrdən ibarətdir:
- Ümumi dron təlim bölməsi;
- Aeronaviqasiya mühiti üzrə təlim bölməsi;
- İki mikro dron bölməsi;
- Taktiki dron bölməsi.
Qeyd edilib ki, Fransa Quru Qoşunlarının bölmələrində dronların istifadəsini yayğınlaşdırmaq üçün hər bir briqadada Taktiki Dron Təlim Mərkəzi yaradılacaq. Əsas diqqət döyüş dronlarına yönəldilərək, bölmələrin hələ inkişaf etməkdə olan sahələrdə bacarıqlarını artırmağa kömək edəcək. Bunlar arasında uzaqdan idarə olunan süzən sursatlar, FPV dronlar, 3D çapla dron istehsalı, qapalı məkan uçuşları və xəndək döyüşlərində dron istifadəsi yer alır.
Təlim innovasiya ətrafında cəmlənir və əsgərlərə ərazidə əldə edilən hissələrdən dron hazırlamağı öyrədir. Hazırda Fransa Quru Qoşunlarında üç CETD mərkəzi mövcuddur:
- COMECIA (Quru Qoşunları Müştərək Döyüş Təlim Komandanlığı);
- 11-ci paraşüt briqadası;
- 7-ci zirehli briqada (7BB).