Füzuli və Cəbrayılın azad olunmasında qəhrəmanlıq göstərmiş şəhid Vüqar Cəfərov

Füzuli və Cəbrayılın azad olunmasında qəhrəmanlıq göstərmiş şəhid Vüqar Cəfərov

İkinci Qarabağ müharibəsində, vətən uğrunda son damla qanınadək döyüşərək əbədi ölümsüzlük zirvəsinə yüksəlmiş Azərbaycan Silahlı Qüvvələrinin cəsur döyüşçülərindən biri Daxili Qoşunların baş çavuşu Cəfərov Vüqar İnşallah oğludur.

“Poliqon”un məlumatına görə, baş çavuş Vüqar Cəfərov 1991-ci il martın 23-də Bakı şəhərində anadan olub. İnşallah Cəfərovun və Səmayə Cəfərovanın böyüdüb tərbiyə etdiyi üç övladından (Hacı, Şəlalə və Vüqar) biri, həmçinin, ailənin sonbeşiyi idi.

Şəhid anası Səmayə xanım Cəbrayıl rayonunun Məzrə kəndində doğulub boya-başa çatıb. Bir zamanlar böyük ürəkağrısı ilə erməni işğalına məruz qalmış doğma el-obası barəsində danışdığı xatirələrini dinlədikdə oğlu Vüqarın hər dəfə gözləri dolar, bu səbəbdən düşmənə olan nifrət hissi daha da artardı. Vətənpərvər ruhda böyüyüb tərbiyə alan Vüqar məhz buna görə də hələ kiçik yaşlarında olanda doğma yurd həsrəti çəkən anasına: “Narahat olma, ana, mən böyüyəndə doğma kəndimizi özüm azad edəcəyəm” – deyə verdiyi sözü yerinə yetirmək üçün bir xüsusi təyinatlı kimi alacağı döyüş əmrini səbirsizliklə gözləyirdi. İgid hərbçimiz anasına verdiyi sözünü elə döyüş meydanında, düşmənin başını əzərək yerinə yetirdi…

Vüqar orta təhsilini Bakının Nizami rayonunda yerləşən 70 saylı məktəb-liseydə alıb. Uşaq yaşlarından idmana və hərbi xidmətə böyük maraq göstərdiyindən, orta təhsilini başa vurduqdan sonra böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıb. Müddətli həqiqi hərbi xidmətini 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasında keçib. Hərbçi peşəsinə qəlbən bağlı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra yenidən ordu sıralarına qayıdaraq xidmətini davam etdirməyə qərar verib. Beləliklə, Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayıb. 2011-ci ilin oktyabr ayından etibarən hərbi hissənin “Kobra” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsinin xüsusi həmlə qrupunda pulemyotçu vəzifəsində xidmətini davam etdirən silahdaşımız yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə hər zaman fərqlənib, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə mükafatlandırılıb, 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib.   67987 bas cavus Cəfərov Vuqar Insallah oglu 2 scaled

Xalqımızın qələbəsilə başa çatmış İkinci Qarabağ müharibəsinin ilk günündən hərbi əməliyyatlara qatılan baş çavuş V.Cəfərov silahdaşları ilə birgə Murovdağ silsiləsi, eləcə də Füzuli və Cəbrayıl rayonlarının bir sıra yaşayış məntəqələrinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Vətən müharibəsi zamanı Vüqarla eyni qrupun tərkibində vuruşmuş Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin xüsusi təyinatlıları – baş çavuş Fəzamir Məmmədov (Füzuli istiqamətində gedən döyüşlərdə yaralanıb), çavuşlar Ramiz Həsənov (Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) və Elnar Kübarovun (Füzuli istiqamətində gedən döyüşlərdə travma alıb) söylədiklərindən də məlum olur ki, Vətənə məhəbbət, düşmənə nifrət ruhunda savaş meydanına atılan aslanürəkli cəsur silahdaşımız öz pulemyotu ilə düşmənin başına od-alov yağdıraraq, onun xeyli sayda canlı qüvvəsini və  hərbi texnikasını məhv etməklə əsl qəhrəmanlıq nümunələri göstərib.

5 oktyabr 2020-ci il… Cəbrayıl istiqamətində gedən döyüş Vüqarın son döyüşü oldu. Bu son hərbi əməliyyat barədə xatirələrini bizimlə bölüşən qazimiz çavuş R.Həsənov tərkibində Vüqarın da olduğu qrupun şəxsi heyəti tərəfindən ümumilikdə qarşıya qoyulan bütün döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirildiyini bildirdi: “Vətən müharibəsinin ilk günündən Vüqarla birgə eyni qrupun tərkibində döyüş əməliyyatlarında iştirak etmişəm. Olduqca mərd döyüşçü, eyni zamanda yaxşı dost və yoldaş idi Vüqar. Əsl vətənpərvər insan olduğunu döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunələri ilə bir daha sübut etmiş oldu.

Oktyabrın 5-də baş vermiş döyüşdə qrupumuzun şəxsi heyəti baş leytenant Kamran Kazımovun rəhbərliyi altında düşmənin Cəbrayıl şəhəri ətrafındakı yüksəkliklərdə yerləşən bir neçə strateji postunu ələ keçirərək, ermənilərin xeyli sayda canlı qüvvəsini, o cümlədən, iki tankını, dörd topunu və biri sursat daşıyan olmaqla, iki avtomobilini məhv edib. Bundan qorxaraq, “UAZ” markalı avtomobillə döyüş meydanından qaçan yüksək rütbəli düşmən komandiri və sürücüsü də sərrast atəşlə cəhənnəmə vasil oldular. Təbii ki, bu məğlubiyyətlə barışmayaraq, əlavə xeyli qüvvə toplayaraq yenidən hücuma keçən ermənilərin niyyətini yaxşı anlayan qrup komandirimiz şəxsi heyət mühasirəyə düşməsin deyə onlara geri çəkilməyi əmr edərək, özü, eləcə də iki nəfər silahdaşımız – baş çavuş Vüqar Cəfərov və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Orxan Əlimuradovla birgə atəş dəstəyi ilə düşmənin irəliləməsinin qarşısını aldılar. Lakin şiddətli döyüşün gedişində ağır yaralanan cəsur hərbi qulluqçularımız – baş leytenant Kamran Kazımov, baş çavuş Vüqar Cəfərov və əsgər Orxan Əlimuradov qəhrəmancasına şəhid oldular. Bundan əlavə, qrupumuzun tərkibində vuruşan qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlısı, pulemyotçu baş çavuş Riyabiz Məmmədov qolundan güllə yarası aldı”.

67987 bas cavus Cəfərov Vuqar Insallah oglu 4Baş çavuş V.Cəfərov 2020-ci il oktyabrın 6-da Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub. Subay idi. Doqquz ay öncə nişanlanmışdı. Vüqar toy edib ailə qurmaq üçün ölkəmizdə pandemiya ilə əlaqədar tətbiq olunan karantin müddətinin bitməsini, cəmiyyətimizin öz əvvəlki sağlam həyat axarına qayıtmasını gözləyirdi…

Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli, 22 dekabr 2020-ci il tarixli, 24 iyun 2021-ci il tarixli müvafiq sərəncamları ilə baş çavuş Cəfərov Vüqar İnşallah oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimizın bir zamanlar Bakının Nizami rayonu, Çobanzadə küçəsində yaşadığı binanın önündə üzərində şəkli həkk olunmuş abidəsi ucaldılıb. Ailəsi tərəfindən yaşadıqları mənzildə şəhid hərbçinin fotoşəkilləri və şəxsi əşyalarından ibarət xatirə guşəsi yaradılıb.       

Vüqar sonuncu dəfə anası ilə telefonla danışanda “igid odur, atdan düşə atlana, igid odur, hər əzaba qatlana” demişdi. Nişanlısına dediyi son sözü isə “şəhid olsam, başını dik tut” olmuşdu…    

“Oğlumla fəxr edir, qürur duyuram” – deyən hörmətli şəhid atası İnşallah Cəfərovun ən böyük arzusu isə Vüqarın adının əbədiləşdirilməsi üçün övladının bir zamanlar orta təhsil aldığı və özünün də ilk məzunu olduğu 70 saylı məktəb-liseyə igid hərbi qulluqçumuzun adının verilməsidir.

Vətən uğrunda şəhid olmuş igid oğullarımızın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.

Allah rəhmət eləsin!

Daxili Qoşunların Mətbuat xidmətinin rəisi,
mayor Anar Əhmədov

Poliqon.az

CATEGORIES
TAGS