“Gələcəyin Milli Hərbi Sənaye Kompleksi” mövzusunda dəyirmi masa keçirilib

“Gələcəyin Milli Hərbi Sənaye Kompleksi” mövzusunda dəyirmi masa keçirilib

Bugün “Baxu Expo Center”də keçirilən ADEX-2022 beynəlxalq silah sərgisi çərçivəsində “Gələcəyin Milli Hərbi Sənaye Kompleksi” mövzusunda dəyirmi masa ətrafında görüş baş tutub.

“Poliqon” xəbər verir ki, dəyirmi masa Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti və dövlət qurumlarının texnologiya mühəndisləri iştirak edib.

Görüşün məqsədi Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə institut, universitet və digər qurumların texnologiya şöbələri ilə birlikdə gələcəkdə milli hərbi sənayenin inkişafı üçün birgə çalışmaq perspektivləri və qarşılıqlı əməkdaşlıq fürsətlərinin müzakirə edilməsidir. Görüş zamanı diqqət çəkilən əsas məsələlərdən biri də gənclərin perspektivlərini silah sənayesinə yönləndirmək, gənclərə dəstək verərək ağır sənayenin inkişafını təmin etmək olub.

Görüş zamanı çıxış edən Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Baş Mühəndisi Əflatun Məmmədov inkişaf edən dünyada texnologiyanın əhəmiyyətinə diqqət çəkib: “Dünya inkişaf edir, texnologiya inkişaf edir. Biz də bu prosesə qoşulmalıyıq inkişaf etməliyik. Elm və nəzəriyyəni texnoloji vəhdət halına gətirərək yeni innovasiyaların inkişafını təmin etmək laızmdır. ADEX adət halını almış və dördüncüsü keçirilən uğurlu bir layihədir. 32 ölkədən 208 şirkət iştirak edir. 46 Türk şirkətinin fərqli adda 10 mindən çox məhsulu var. Müdafiə Sənayesi Nazirliyinin də fərqli adda mindən çox məhsulu təqdim edilir. Bu məhsullar ordumuzun istəkləri və ehtiyacları üzərinə hazırlanır.

Bu sərgidə bizim 2020-ci ildəki qələbəmiz də xüsusi qeyd edilir. Həm Şuşada baş tutan tədbirlərdə, həm də bu sərgidə Qarabağın işğaldan azad edilməsinin xüsusi önəmi dəfələrlə qeyd edilir. Qarabağın yenidən qurulma işləri bizim gələcəyə inamımızı daha da artırır. 3.7 faiz ərazinin hələ də işğal altında qalmasına baxmayaraq, azad edilən digər bölgələrdə effektiv işlər görülüb və biz bu işləri texnoloji inkişaf ilə davam etdirmək istəyirik”.

Daha sonra görüş iştirakçıları öz fikir və təkliflərini səsləndirib. Görüş Müdafiə Sənayesi Nazirliyini və digər iştirakçıların qarşılıqlı fikir mübadiləsi ətrafında davam edib.

Yekunda tərəflər belə görüşlərin davam etməsini və qarşılıqlı iş birliyinin təmin edilməsi üçün daha məhsuldar əlaqələr qurulması istiqamətində razılaşıb.

Həşim Səhrablı

Poliqon.az

CATEGORIES
TAGS