General-leytenant Abbas Xəlilov: Azərbaycan-Ermənistan sərhədində 110 sərhəd-döyüş məntəqəsinin fəaliyyəti bərpa olunub
İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub.
“Poliqon” xəbər verir ki, bu barədə DSX rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran zaman bildirib.
“Azərbaycan-İran sərhədindəki işğaldan azad edilmiş ərazilərdə 14 sərhəd zasatavasının fəaliyyəti bərpa olunub və artıq Azərbaycan-İran sərhədində mühafizənin aparılması üçün lazım olan zəruri infrastruktur mövcuddur.
Həmçinin, Azərbaycan-Ermənistan sərhədində 110 sərhəd-döyüş məntəqəsinin fəaliyyəti bərpa edilib. Bütün sərhəd-döyüş məntəqələrimiz strateji cəhətdən əlverişli mövqedə yerləşir və həmin məntəqələr də həm şəxsi heyətin yaşayışı, həm də xidmətin təşkili üçün müasir tələblərə cavab verən infrastrukturla təmin edilib. Zəruri yol infrastrukturları çəkilib və əsaslı təmir olunub.
Ən önəmli problemlərdən biri olan ərazilərin minalardan təmizlənməsi üzrə istər DSX tərəfindən, istər dövlətin digər aidiyyatı qurumları tərəfindən kifayət qədər işlər görülüb və hazırda bu istiqamətdə işlər davam edir. İstər Ermənistan, istər digər sərhədlərimizdə həmişə inkişaf etmə, yeni yanaşmalar, yeni texnologiyalardan istifadə qarşımızda hədəf kimi qoyulub və davam edəcək”, – deyə general-leytenant Abbas Xəlilov vurğulayıb.