General-mayor Baba SALAYEV: FHN Akademiyasında beynəlxalq təlim-tədris mərkəzinin yaradılması istiqamətində işlər görülür

General-mayor Baba SALAYEV: FHN Akademiyasında beynəlxalq təlim-tədris mərkəzinin yaradılması istiqamətində işlər görülür

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bu gün Azərbaycanda fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri arasında xüsusi yeri var. Əsas fəaliyyət istiqaməti Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturları üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaq olan Akademiya eyni zamanda digər dövlət və hökumət orqanlarının əməkdaşlarına təlimlərin keçirilməsində yaxından iştirak edir.

FHN Akademiyasının rəisi general-mayor Baba SALAYEVlə müsahibəmizdə bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat almağa çalışdıq.

Azeri Defence: Cənab general-mayor, ilk sualımız FHN Akademiyasının yaradılması və ötən 12 il ərzində xüsusi təyinatlı təhsil müəssisəsi kimi fəaliyyəti barədə olacaq. Akademiyanın fəaliyyət istiqamətləri və bu gün xüsusi təyinatlı təhsil müəssisələri arasındakı yeri barədə məlumat verməyinizi istərdik.

General-mayor Baba SALAYEV: Əvvəla diqqətə çatdırmaq istərdim ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyası Fövqəladə Hallar Nazirliyi üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların əlavə təhsilini, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatları aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.

Akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, magistratura səviyyəsində təhsil təşkil olunub. Fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması üçün hərtərəfli şərait yaradılıb. Fənn kabinetləri, auditoriyalar və laboratoriyalar hər cür zəruri avadanlıqlarla təchiz edilib. Akademiyamızda xilasetmə, tibbi hazırlıq, dalğıc və alpinist hazırlığı, siqnalizasiya və digər sahələr üzrə xüsusi tədris kabinetləri, elektronika və elektrotexnika, materialşünaslıq, kimya, informatika və s. fənn laboratoriyaları mövcuddur. Bütün bunlar tədrisin yüksək səviyyədə aparılmasına geniş imkanlar aç baba salayev 1ır.

Akademiyamız Azərbaycanda fəaliyyət göstərən müxtəlif xüsusi təyinatlı ali təhsil müəssisələri arasında təhsilin məzmununun Bolonya prosesinin prinsiplərinə, tədris prosesinin isə Avropa Kredit Köçürmə Sisteminin tələblərinə uyğun təşkil edilən ilk təhsil ocağıdır. Ötən 12 il ərzində xüsusi təyinatlı təhsil müəssisəsi kimi bu təhsil ocağının yüksək ixtisaslı kadrlarla komplektləşdirilməsi, tədris prosesinin normativ-hüquqi aktlara və normativlərə uyğun qurulması, fövqəladə hallar sahəsində elmi tədqiqatların aparılması və digər mühüm vəzifələrin yerinə yetirilməsi istiqamətində bir çox işlər görülüb.

Akademiyada tədrisin təşkili barədə danışarkən, heç şübhəsiz, bizim xüsusilə ilk illərdə üzləşdiyimiz və təbii adlandıra biləcəyimiz çətinlikləri xatırlatmaya bilmərəm. İlk növbədə, onu qeyd etməliyəm ki, Akademiya fəaliyyət göstərdiyi ilk illərdə üzləşdiyimiz əsas çətinlik müvafiq pedaqoji heyətin formalaşdırılması ilə bağlı idi. Belə ki, yanğınlarla mübarizə sahəsində dərin nəzəri biliklərə və pedaqoji bacarıqlara malik mütəxəssis bazasının qısa müddətdə formalaşdırılması mümkün olsa da xilasetmə işi ilə bağlı pedaqoji heyətin təmin edilməsi bizim ilk illərdə əsas kadr problemimiz idi. Belə ki, Fövqəladə Hallar Nazirliyi yaradılana kimi fəlakətlərlə əlaqələndirilmiş və mərkəzləşdirilmiş mübarizə sisteminin mövcud olmaması və bununla da xilasetmə sahəsində peşəkar kadrların yetişdirilməsi işinə xüsusi diqqət yetirilməməsi səbəbindən bu istiqamətdə müvafiq biliyə malik kadrlarla təminat səviyyəsi bizi qane etmirdi. Məhz Akademiya fəaliyyətə başlayandan ötən dövr ərzində yorulmaz və məqsədyönlü fəaliyyət nəticəsində artıq bu problemin aradan qaldırılmasına və xilasetmə sahəsində müvafiq nəzəri biliklərə və pedaqoji bacarıqlara malik kadr potensialının formalaşdırılmasına nail ola bilmişik. Bundan başqa, tədris prosesi üçün Azərbaycan dilində dərsliyin, o cümlədən fövqəladə hallarla bağlı lüğətin mövcud olmaması da bir başqa çətinliyimiz idi. Hazırda bu sahədə də ciddi nailiyyətlər əldə edərək Azərbaycan dilində dərslik bazasının genişləndirilməsi istiqamətində durmadan çalışırıq. Təsadüfi deyildir ki, möhtərəm cənab Prezidentin imzaladığı müvafiq sərəncamlarla Akademiyanın pedaqoji heyət üzvlərindən 4 nəfər “Hərbi xidmətlərə görə” medalı, 2 nəfər “Tərəqqi” medalı, 1 nəfər isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 Azeri Defence: Akademiyada qəbul hansı meyarlar üzrə aparılır və ümumiyyətlə bu gün FHN Akademiyasına maraq necədir?

General-mayor Baba SALAYEV: Akademiyamız ilk qəbulunu 2009/2010-cu tədris ilində həyata keçirib. Hər tədris ili üçün əyani təhsilə boyu 170 sm-dən az olmayan, tam orta təhsilli və ya tam orta məktəbin buraxılış sinfində oxuyan, 15 sentyabr tarixinədək 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmış və 15 sentyabr tarixinədək 23 yaşı tamam olmayan namizədlər Akademiyaya sənəd verə bilərlər. Namizədlər, ilk növbədə, fiziki hazırlıq üzrə yoxlamadan və psixoloji testdən keçirilirlər. Bu mərhələləri müvəffəqiyyətlə keçən namizədlər Dövlət İmtahan Mərkəzinin təşkil etydiyi I ixtisas qrupu üzrə imtahana buraxılırlar.

Qiyabi təhsil üzrə qəbula namizədlər Fövqəladə Hallar Nazirliyinin tam orta təhsilli, hər tədris ilinin 15 sentyabr tarixinədək 35 yaşı tamam olmayan əməkdaşları sırasından seçilir və Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qaydalara müvafiq olaraq seçmə komissiyasında sınaqdan keçirlər. Sınaqdan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı test imtahanlarında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Onu deyə bilərəm ki, Akademiyaya qəbula maraq ildən-ilə artmaqdadır. Belə ki, əvvəlki illərə nisbətən həm namizədlərin sayının, həm də Akademiyaya qəbul üçün orta keçid balının artması bunu sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizdə təhsilə və gənclərə göstərdiyi xüsusi diqqət və qayğı qeyd etdiklərimi şərtləndirən əsas səbəblərdir.

Azeri Defence: FHN Akademiyası yarandığı gündən Ukrayna, Rusiya, Belarus və digər dövlətlərin müvafiq təhsil müəssisələri ilə əməkdaşlıq edir, kadrların mübadiləsi həyata keçirilir. Beynəlxalq əlaqələriniz barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.

General-mayor Baba SALAYEV: Xüsusilə qeyd etməliyəm ki, 27 dekabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əsas tədris korpusunun açılışında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəxsən iştirakı və həmin mərasimdə dəyərli çıxışı bütövlükdə Nazirlik, o cümlədən FHN Akademiyasına dövlət başçımızın ali diqqətinin bariz nümunəsi olmaqla, bizim hər birimizdə həm böyük fəxarət hissi yaratdı, həm də daha əzmlə çalışmaq istəyimizi möhkəmləndirdi. Cənab Prezidentin həmin çıxış zamanı Akademiyanın hədəfləri ilə bağlı proqram xarakterli fikirləri, xüsusilə Akademiyanın bazasında gələcəkdə beynəlxalq tədris və təlim mərkəzinin yaradılması istiqamətində fəaliyyətin artırılması kimi tapşırıqların qoyulması bizim gələcək fəaliyyət dairəmizi müəyyən etmiş oldu. Ötən qısa dövr ərzində cənab Prezidentin çıxışından irəli gələn vəzifələrin icrası, xüsusilə Akademiyanın bazasında beynəlxalq tədris və təlim mərkəzinin yaradılması istiqamətində xeyli işlər görülüb. Belə ki, Akademiyada beynəlxalq əlaqələrin genişləndirilməsinə, fövqəladə halların idarə edilməsi üzrə yüksək səviyyəli ixtisaslı kadrların hazırlanması sahəsində zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə təcrübə mübadiləsinə, birgə elmi-tədqiqat işlərinin aparılmasına xüsusi diqqət ayrılır. Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Texniki universitetləri, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Dövlət Yanğından Mühafizə akademiyaları, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidmətinin Universiteti, Gürcüstan Texniki Universiteti, Ukrayna Milli Mülki Müdafiə Universiteti, Qazaxıstan Respublikasının Kokşetau Texniki İnstitutu və digər ali təhsil müəssisələri ilə əlaqələr möhkəmləndirilib. Münasibətlər əsasən kadr hazırlığını, elm və tədris sahəsində təcrübə mübadiləsini, birgə elmi konfransların, o cümlədən videokonfransların təşkili və keçirilməsini, elmi konfranslarda iştirakı və s. əhatə edir.

baba salayev 2Həmçinin, əcnəbi tələbələrin Akademiyada təhsili ilə bağlı bir sıra ölkələrin (Qətər, Əfqanıstan, Pakistan, Gürcüstan və s.) fövqəladə hallar orqanlarının nümayəndələri ilə ilkin danışıqlar aparılıb. Bu barədə təhsil proqramlarının layihələri hazırlanıb və hazırda müvafiq razılaşmaların əldə edilməsi istiqamətində işlər davam etdirilir.

Akademiya yarandığı ilk gündən tədris-metodiki təminat və maddi-texniki bazanın formalaşdırılması sahəsində xeyli işlər görülüb, professor-müəllim heyətinin beynəlxalq proqram və layihələrdə iştirakı, kadrların peşəkarlığının artırılması məqsədilə əməkdaşların xarici ölkələrin müvafiq təhsil müəssisələrində biliklərini daha da inkişaf etdirməsi, kursantların səfərlərinin təşkili, eyni zamanda qabaqcıl xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə Akademiyada qısamüddətli kursların keçirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Azeri Defence: Akademiyanın Maddi-texniki bazasına toxunmaq istərdik.

General-mayor Baba SALAYEV: Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində bütövlükdə Fövqəladə Hallar Nazirliyinin, o cümlədən FHN-in Akademiyasının ötən dövr ərzində maddi-texniki bazası ən müasir texnika və avadanlıqlarla möhkəmləndirilib. Bunlardan bir neçəsini nümunə gətirmək olar:

– tədrisə və elmi-tədqiqat fəaliyyətinə tətbiq olunan Elektron tədris kompleksləri Akademiyada tədris-təlim fəaliyyətinin keyfiyyətinin təmin olunması üçün nəzərdə tutulub və xüsusi proqram təminatı ilə təmin edilmiş peşə hazırlığı sinifləri, kompüter texnikası, monitorlar, xüsusi mühəndis qurğuları, digər alət və avadanlıqlar, əyani vəsaitlər və geyim dəstləri ilə təmin olunmuş trenajor komplekslərindən ibarətdir;

– peşəkar kadr hazırlığını və tədris prosesini beynəlxalq tələblərə cavab verən səviyyədə təşkil etmək məqsədilə xüsusi proqramlarla təchiz olunmuş peşə hazırlığı kabinetləri yaradılıb. Burada neft emalı müəssisələrində, neft məhsullarının çənlər parkında və bu kimi sənaye obyektlərində baş verən yanğınların söndürülməsi zamanı taktiki məsələlərin həlli, qüvvə və vasitələrin hesabatı və seçilməsi, düzgün yerləşdirilməsi kimi vacib məsələlər üzrə tədris prosesi işgüzar oyunlar formasında kompüterlər vasitəsilə reallaşdırılır;

– qazdan-tüstüdən mühafizə trenajor kompleksində kompüter texnikasının xüsusi proqram təminatından istifadə olunmaqla, nəfəsalma üçün qeyri-münasib mühit, səs-küy və istilik effekti yaradılmış real yanğın və qəza şəraitində yanğınsöndürmə və qəza-xilasetmə işlərinin aparılması məqsədilə imitasiya olunmuş müxtəlif şəraitlərə uyğun risk elementləri və maksimal fiziki, həmçinin emosional yük nəzərə alınaraq təhsilalanların taktiki-psixoloji hazırlığı həyata keçirilir;

– avtomobil hazırlığı trenajor kompleksi xüsusi proqram təminatı olan kompüter texnikası, müxtəlif markalı nəqliyyat vasitələri və onların monitorları, müxtəlif alət və avadanlıqlar, əyani vəsaitlərlə təmin olunub. Burada A, B və C kateqoriyalı avtomobil sürücüsü kursu üzrə təcrübi təlim məşğələləri keçirilir;

– Elektron İmtahan Mərkəzində 100 nəfər təhsilalanın eyni anda sistemə daxil olaraq test üsulu ilə real vaxt rejimində imtahan verməsi üçün şərait yaradılıb;

– Elektron Kitabxanada Akademiyada tədris olunan fənlərə dair geniş material bazası təmin edilib, kitabxananın abonement bölməsində ədəbiyyatların elektron qeydiyyat sistemi yaradılıb.

Sadalananlara əlavə olaraq peşə hazırlığı, avtomatlaşdırılmış idarəetmə sistemləri və rabitə, yanğın texnikası, alpinist hazırlığı, dalğıc hazırlığı fənn auditoriyalarını və s. nümunə göstərmək olar.

Azeri Defence:Tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması, müasir təlim-məşq qurğularının (trenajorların) alınması və tətbiqi istiqamətində hansı işlər görürsünüz?

General-mayor Baba SALAYEV: Azərbaycan  Respublikası  Prezidentinin  22  may 2009-cu  il  tarixli  Sərəncamı  ilə təsdiq olunmuş “2009-2013-cü   illərdə   Azərbaycan   Respublikasının ali təhsil  sistemində islahatlar üzrə Dövlət Proqramı”na uyğun olaraq, əvvəlcədən də qeyd etdiyim kimi Akademiyada təhsilin məzmununun Bolonya prosesinin prinsiplərinə, tədrisin Avropa Kredit Transfer Sisteminin tələblərinə uyğun keçirilməsi təmin edilib. Tədris prosesinin müasir tələblərə uyğunlaşdırılması həmişə diqqət mərkəzində saxlanılır, Akademiyanın ixtisaslı kadrlarla komplektləşdirilməsi, tədris prosesinin normativ-hüquqi aktlara və normativlərə uyğun qurulması, kursantların təlim-tədris prosesinin təşkili, eləcə də imtahanların qəbulu kompüter və müasir texnologiyaların tətbiqi ilə həyata keçirilir.

Akademiyanın müasir təlim-məşq qurğuları (trenajorlar) ilə təmin olunması hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, bu il Akademiyada Beynəlxalq Mülki Müdafiə Təşkilatının dəstəyi ilə fövqəladə hallar zamanı zərərçəkmişlərə ilk yardımın göstərilməsi və qazdan-tüstüdən mühafizə hazırlığı üzrə xüsusi avadanlıqlarla təchiz olunmuş auditoriyalar yaradılıb, tədris siniflərinə interaktiv lövhələr quraşdırılıb, “Şturm”, “Zaval” və “Baykal” tipli çoxfunksiyalı təlim-məşq komplekslərinin, təlim-yanğın və xilasetmə-desant qüllələrinin, idmanın yanğına tətbiqi üzrə digər xüsusi qurğuların quraşdırılması, fizika fənn laboratoriyasının, kiçikhəcmli gəmi sürüculərinin hazırlığı üçün xüsusi (trenajor-red.) auditoriyaların yaradılması işlərinə başlanılıb.

Həmçinin, onu da qeyd etməliyəm ki, yeni top koronavirus təhlükəsi ilə bağlı ölkəmizdə mövcud xüsusi karantin rejimi ilə əlaqədar olaraq, kursantlarımızın təhsildən geri qalmamaları üçün dərslərin “online” formatda keçirilməsi təşkil olunub.

Tədris prosesi barədə danışarkən gənc kursantlarımızın ideoloji tərbiyəsi işinə toxunmaya bilmərəm. Peşəkar zabit həm də vətənpərvər insan deməkdir. Bu səbəbdən, kursantlarımızın milli ruhda, Vətənə, millətə və dövlətə sədaqət, zabit şərəfinin daim uca tutulması, tarixi keçmişimizə hər zaman hörmət və fəxarətlə yanaşılması kimi ideyalar ətrafında tərbiyə olunmasına xüsusi diqqət yetirilir. Bu çərçivədə, Akademiyamızda yaradılmış Heydər Əliyev Mərkəzinin imkanlarından geniş şəkildə istifadə edilməklə, həm xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Vətən qarşısında misilsiz xidmətləri gənclərimizə təlqin olunur, həm də onların Heydər Əliyev ideologiyası əsasında milli vətənpərvərlik ruhunda tərbiyə olunması işi təşkil olunur.

Bundan başqa, kursantların asudə vaxtlarının səmərəli təşkili, o cümlədən müxtəlif bilik yarışları və viktorinaların, dərnəklərin təşkili, onların daim idmanla məşğul olmaları və sağlamlıq səviyyələrinin qorunması xüsusi diqqətdə saxlanılır.

Azeri Defence: FHN Akademiyasının fəaliyyətinin bir istiqaməti də elmi-tədqiqat işlərinin aparılmasıdır. Elmi tədqiqatların praktiki layihələrə çevrilməsi sahəsində həyata keçirilən işlər barədə fikirlərinizi bilmək maraqlı olardı.

General-mayor Baba SALAYEV: Son illər Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elmi-texniki nailiyyətlərin ümumiləşdirilməsi və dərinləşdirilməsi, elm-tədqiqat işlərinin aparılması və nəticələrinin istehsalatda tətbiq edilməsi, innovasiya və ixtiraçılıq fəaliyyəti, dissertasiyaların, monoqrafiyaların və dərsliklərin hazırlanması, elmi konfransların keçirilməsi, elmi məqalələrin çapı, təcrübə zamanı qazanılmış elmi bilik, təcrübə və vərdişlərin artırılmasına xüsusi diqqət göstərilir. Ötən təqvim ilində Akademiyada 2015-2019-cu illərdə yerinə yetirilməsi nəzərdə tutulmuş 6 istiqamət üzrə 7 dövlət büdcəli elmi-tədqiqat işinin, 4 istiqamət və Azərbaycan Respublikası Milli Elmlər Akademiyası tərəfindən təsdiq edilmiş 5 mövzu üzrə işin sonuncu mərhələləri başa çatdırılıb.

Bu sahədə də beynəlxalq əlaqələrin genişləndirilməsinə, xarici ölkələrin ali təhsil müəssisələri ilə birgə elmi-tədqiqat işlərinin aparılmasına xüsusi diqqət verilir.

Magistrlərin elmi-tədqiqat təcrübələri Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətində, Xüsusi Riskli Xilasetmə Xidmətində, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində, AMEA-nın elmi-tədqiqat institutlarında, neftayırma və digər müəssisələrdə təşkil olunur, nəticələri təhlil edilir və tədris prosesində, eləcə də peşə fəaliyyətində tətbiqi tövsiyə olunur.

 

Vaxt ayırıb suallarımızı cavablandırdığı üçün general-mayor Baba Salayevə təşəkkürümüzü bildiririk!

CATEGORIES
TAGS