
GÖKDENİZ yaxın HHM sisteminin atış sınağı keçirilib – VIDEO
“TCG İstanbul” freqatına quraşdırılan ASELSAN şirkətinin GÖKDENİZ yaxın hava hücumundan müdafiə (HHM) sistemi sınaq atışını uğurla tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “X” hesabında məlumat paylaşıb.
“Gökdeniz”, ASELSAN tərəfindən hazırlanmış ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı ilə əsasən gəmi əleyhinə raketləri məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, “Gökdeniz” HHM sistemi helikopter, təyyarə, pilotsuz uçuş aparatı və bu kimi təhdidlərdən gəminin müdafiəsini effektiv şəkildə həyata keçirə bilir.
HHM sistemi atışa nəzarət radarı və elektro-optik (E/O) sensorlarından ibarət inteqrasiya edilmiş izləmə platforması sayəsində hədəfi dəqiqliklə izləyə və məhv edə bilir. “Gökdeniz”in stabilləşdirilmiş silah qülləsi 35 mm KDC-02 tipi iki lüləli silah sistemi ilə dəstləşdirilib. Silah sisteminin maksimal atış tempi dəqiqədə 1100 atəş təşkil edir. HHM sistemi sursatlarla avtomatik qidalanma mexanizminə malikdir.


