Gürcüstan region ölkələri ilə müdafiə sənayesində əməkdaşlıq imkanlarını araşdırır
Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Hərbi Texniki Mərkəzinin direktoru cənab Uça Dzodzuaşvili (Ucha Dzodzuashvili) ilə AZERİ DEFENCE jurnalına müsahibəmizdə Gürcüstan hərbi sənayesinin mövcud vəziyyəti, həyata keçirdiyi layihələr və perspektiv planlarına nəzər salmağa çalışdıq.
– Cənab Dzodzuaşvili, müsahibəmizə “Delta”nın tarixi və Gürcüstan müdafiə sənayesinin mövcud vəziyyəti ilə başlamaq istərdik. Qısa olaraq, “Delta”nı oxucularımıza tanıda bilərsinizmi?
– SSRİ dövründə Gürcüstanda aviasiya təmiri və tank təmiri kimi regionda öz böyüklüyünə görə seçilən strateji müdafiə sənayesi müəssisələri mövcud olub. Bunlar müxtəlif təyinatlı silah və sursatların, o cümlədən hərbi texnologiyaların hazırlandığı məxfi müəssisələr sayılırdı. Hazırda “Delta” keçmiş 31-ci Aviasiya Zavodunun ərazisində yerləşir. Bu zavod 1941-ci ildə yaradılıb və Su-25 təyyarələri də daxil olmaqla, müxtəlif növ döyüş təyyarələrin istehsalını və təmirini həyata keçirib. Prinsipcə, həm Aviasiya Təmiri, həm də Tank Təmiri zavodları öz profillərini saxlayır və fəaliyyət göstərir. Lakin çalışırıq ki, müəssisələrin profilini genişləndirək. Bu çox vacib məsələdir. İstəyimiz daha fərqli məhsulların istehsalıdır. Deyə bilərəm ki, hazırda “Delta” öz inkişaf dövrünü yaşayır. Təkcə bu il ərzində müəssisələrimizdə 14 adda yeni məhsul istehsal olunub. Qarşımızda duran məsələlərdən ən vacibi insan kapitalını inkişaf etdirməkdir. Ağıllı cihazların yaradılması üçün bu çox vacib məsələdir. Artıq “Delta”da yüksək texnologiyalar sferasına aid məhsullar da istehsal olunur, deyə bilərəm.
– 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra bəzi ölkələr rəsmi Tiflisə silah və texnika satışını dayandırdıqlarına dair açıqlamalar verdilər. 2009-cu ildən etibarən “Delta” aktiv şəkildə öz məhsullarını üzə çıxarmağa başladı. Bu gün “Delta” Gürcüstan Silahlı Qüvvələrinin tələblərinin öhdəsindən tam gələ bilirmi? Gürcüstanın müdafiə sənayesi sektorunda “Delta”dan başqa fəaliyyət göstərən şirkətlər varmı?
– Bütün tələbləri yerinə yetirmək, hər şeyi etmək mümkün deyil. Əlbəttə, elə istiqamətlər var ki, “Delta” fiziki olaraq, bunları edə bilməz. Biz ölkə üçün vacib olan strateji istiqamətlərdə fəaliyyətimizi qururuq. Prinsipcə, “Delta” ölkədə müdafiə sənayesi sektorunda fəaliyyət göstərən yeganə qurumdur. Amma biz bu sektorda fəaliyyət göstərmək üçün ortaya çıxa biləcək müəssisələrin yaradılmasını dəstəkləyirik. Çünki bu amilin ölkədə müdafiə sektorunun inkişafına səbəb olacağını bilirik. Qeyd etdiyiniz kimi, 2008-ci ildən sonra bəzi ölkələrin Gürcüstana hərbi məhsul ixracında problemlər yarandı. Məhz “Delta” Gürcüstanın yaşaya biləcəyi bu problemləri aradan qaldırmaq üçün fəaliyyət göstərir. Amma onu da diqqətinizə çatdırım ki, artıq dünyanın iri ölkələri öz qapılarını bizim üzümüzə açıblar. Məsələn, Fransa hava hücumundan müdafiə sistemlərini rahat şəkildə Gürcüstana satdı. Yəni dünyanın hərbi texnologiyalar istehsal edən ölkələrinin qapıları bizim üzümüzə açıqdır. “Delta” üçün də vəziyyət müsbətdir. Vaxtılə əlçatmaz olan məhsulları artıq rahat şəkildə ala bilirik. Bu baxımdan vəziyyətdən daha səmərəli istifadə etməyə çalışırıq.
– “Delta” olaraq, müdafiə sənayesi sektorunda əsas diqqət hansı istiqamətlərə yönəlib? Maşınqayırma, silah, sursat və ya elektron texnologiyalar baxımından…
– Sadaladığınız bu istiqamətlərin hər biri bizim üçün prioritetdir. Maşınqayırma sahəsində biz digər dövlətlərin təcrübəsindən bəhrələnirik. Yəni mövcud şassilərin üzərində öz texnologiyamızı yaradırıq. Birmənalı olaraq, silah istehsalı və yeni nümunələrin yaradılması bizim prioritetlər sırasına daxildir. “Delta”nın əsas fəaliyyət istiqaməti isə həm fiziki, həm də maddi baxımdan əlçatmaz texnologiyaların Gürcüstanda yaradılması və istehsalıdlır.
– Xarici şirkətlərin bir bazar olaraq Gürcüstana marağı məlumdur. Sirr deyilsə, bu gün “Delta” əsasən hansı ölkələrdən olan firmalarla işləməyə üsünlük verir və ya artıq əməkdaşlığınız mövcuddur? Bu sahədə Çex firmaları ilə daha aktiv əməkdaşlığınız hiss olunur…
– Bildirmək istərdim ki, maşınqayırma sahəsində əsas istifadə etdiyimiz “Ford” şassisidir. Bu baxımdan əsas əməkdaşlıq etdiyimiz şirkətlərdən biri “Ford”dur. Habelə xarici şirkətlərdən zireh lövhələri, zirehli şüşələr, hərbi təyinatlı metalların alınması sahəsində əməkdaşlığımız mövcuddur. Belə demək mümkünsə, xarici şirkətlərlə istehsal etdiyimiz məhsulların müəyyən komponentlərinin alınması istiqamətində əməkdaşlıq edirik. Çex firmalarına gəlincə, onlar Gürcüstanın müdafiə sənayesi bazarına girməkdə maraqlıdır. Bizim məqsədimiz bu ölkənin hərbi texnologiya sahəsindəki təcrübəsini öyrənməkdir. Ümumiyyətlə, yaxşı bilirsiniz ki, silah və ya sursatın alınması məsələnin yalnız bir tərəfidir. Yəni alınan silahın davamlı fəaliyyəti üçün texnoloji biliklərə də yiyələnməlisən. Biz bu məqama xüsusi diqqət yetiririk və texnologiyanın gələcəkdə də istifadəsi üçün onun istehsalı ilə bağlı məsələləri öyrənirik.
– Türkiyə firmaları ilə əməkdaşlıq səviyyəsi necədir?
– Biz hazırda bu ölkənin müdafiə sektorunda təmsil olunan bəzi şirkətlərlə müəyyən danışıqlar mərhələsindəyik. Bu proseslə bağlı detallı danışmaq istəmirəm, amma birmənalı olaraq deyim ki, həm Türkiyə, həm də Azərbaycanın hərbi sənaye qurumları ilə əməkdaşlığa hazırıq.
– Keçək Gürcüstan müdafiə sənayesinin layihələrinə. Elə maşın layihələri haqqında danışaq. Yerli istehsal olan “Didqori” və “Lazika” barədə bizə bir qədər məlumat vermənizi xahiş edirik.
– “Didqori” maşınının bir neçə modifikasiyası artıq Gürcüstan Silahlı Qüvvələrində istifadə olunur. Mən həmin maşınların orduda hansı təyinatlar üzrə istifadə edildiyini deyə bilmərəm. Amma onu bildirim ki, maşının modernləşdirilməsi prosesi davam etdirilir. Deyə bilərəm ki, “Didqori” artq hazır məhsuldur və bu texnikanın satışını da həyata keçirmişik. Onun hansı ölkələrə satıldığı haqda detallı məlumat verməyəcəm. Bu maşınların istehsalında biz inkişafa nail olmaqla yanaşı, yeni modifikasiyalarının istehsalı istiqamətində də bir sıra işlər görürük. Yeri gəlmişkən, qeyd edim ki, “Didqori” maşınlarından mülki işlərə cəlb olunub. Onların üzərinə dolu əleyhinə raket qurğusu quraşdırılıb. “Didqori”nin dörd konfiqurasiyası mövcuddur. Rabitə, təxliyə, kəşfiyyat və şəxsi heyətin daşınması üçün nəzərdə tutulan maşın.
– Bəzi xarici ekspertlər, eləcə də ruslar iddia edirlər ki, “Didqori” Türkiyənin “Otokar” şirkətinin istehsalı, hazırda Gürcüstan Ordusunun silahlanmasında yer alan “Cobra” zirehli avtomobillərinin klonudur.
– Birmənalı olaraq, bu fikirlə razı deyiləm. Məncə “Didqori” bütün yaxşıların kopyasıdır. Əlbəttə, burada bir qədər yumor da var. Dünya təcrübəsində mövcud olan texnologiyaların öz imkanlarına və şəraitinə uyğun şəkildə istehsal və adaptasiya edilməsi qəbul olunub. Bu səbəbdən də müxtəlif maşınların ən yaxşı cəhətlərini götürərək, öz işimizdə tətbiq etmişik. Lakin birmənalı olaraq, “Didqori” Gürcüstan istehsalıdır. Yəni burada hansısa maşının kopyasının çıxarılmasından söhbət gedə bilməz.
– “Lazika” maşını haqda nə deyə bilərsiniz?
– Bu maşın bir modifikasiyada istehsal olunub və prinsipcə çox maraqlı maşındır. Bu maşınla bağlı gözləntilərimiz çoxdur.
– BMP-də nələr dəyişdi və “Lazika” meydana çıxdı?
– 2012-ci ildə təqdim etdiyimiz “Lazika”nın gövdəsi BMP-dən götürülməyib. Bu ayrı formada və yeni şəkildə dizayn edilib. Maşının bu hissəsinin bütün detalları yalnız Gürcüstan məhsuludur. Əlbəttə ki, maşının bəzi hissələri – hərəkətverici bölməsi bizim məhsul deyil. O cümlədən də maşının mühərriki və ötürücüsü də bizim istehsal deyil. Amma “Lazika”nın atəş bölmələri yerli mütəxəssislərin layihəsi əsasında istehsal olunub.
– Artilleriya sistemləri sahəsində son illərdə Gürcüstanın bir sıra məhsullarını gördük. Hətta son olaraq ötən aylarda maşın üzərinə qurula bilən 120 mm-lik minaatan modulunu da təqdim etdiniz.
– Bilirsiniz, bu gün dünyada gedən müharibələr hibrid şəkillidir. Bu baxımdan da hazırkı tələblər artilleriyanın daha çox hərəkətli və imkanlarının geniş olmasını diqtə edir. Lakin sizin gördükləriniz həmin qurğuların yekunda da həmin şəkildə olacağına əsas vermir. Yəni siz qurğunun minaatan bölməsini görmüsünüz. Bu ilin payız aylarında həmin qurğuların yekun forması tam müyyənləşəcək. Burada qurğunun elektron hissəsindən və digər detallarından söhbət gedir. Bu tam formatlı artilleriya qurğusu olacaq. Bizim məhsullar arasında 60, 82 və 120 mm-lik minatanlar, habelə RS-122 adlı 122 mm-lik reaktiv yaylım atəş sistemi yer alır. Sonuncu KRAZ şassisi üzərində zirehli kabinəyə və avtomatlaşdırılmış atəş idarəetmə sisteminə sahibdir.
– Mənim Gürcüstan müdafiə sənayesi ilə ilk tanışlığım 60 mm-lik “Mukudo” səssiz minaatanı ilə olub…
– “Mukudo” çox maraqlı və multifunskional məhsuldur. İnanmıram ki, xüsusi təyinatlar üçün nəzərdə tutulan bu silahın kütləvi istifadəsini kimsə istəyər. Mən bu silahı özüm də test etmişəm. Çəkisi yüngül, daşınması rahatdır. Bu bazardakı analoqlarını öz imkanlarına görə çox qabaqlayır.
– Gürcüstan PUA sahəsində də bir sıra layihələr həyata keçirir. Bu yaxınlarda helikopter dizaynlı yeni modeli təqdim etdiniz.
– Bizim PUA sistemlərinin inkişaf etdirilməsi ilə bağlı proqramımız var. İlk PUA-mızı 2012-ci ildə nümayiş etdirdik. Hazırda PUA sisteminin daha da təkmilləşdirilməsi istiqamətində hazırlıqlarımızı davam etdiririk. Bu proses bitdikdən sonra bizdə istehsal olunan PUA-lar fərqli məqsədlər üçün istifadə oluna biləcək. Bizim kimi ölkələrə özünə məxsus olan belə sistemlərin mövcudluğu çox vacibdir. Bu baxımdan da biz platformaların unifikasiyası istiqamətində işləri davam etdiririk.
– Bu PUA Polşanın 2013-cü ildə nümayiş etdirdiyi helikopter tipli PUA-nın birəbir bənzəridir. Bu sizin bundan əvvəl Estoniya şirkəti ilə reallaşdırdığınız “Swan” kimi birgə layihədir, yoxsa?
– Xeyr. Bu tamamən yerli mütəxəssislərin dizaynıdır.
– Atıcı silahlar və sursatlara keçək. Artıq Gürcüstanın bu istiqamətdə yeni layihələri mövcuddur. Bu məhsullarınız barədə nə deyə bilərsiniz?
– Qeyd etdiyimiz kimi, bizim əsas istiqamətimiz yeniliklərin həyata keçirilməsidir. Bunu həm atıcı silahlar, həm də digər texnologiyalar sahəsində reallaşdırmağa çalışırıq. İstehsal etdiyimiz və ya modernləşdirilməsinə başladığımız silahlar var. İlk növbədə çalışırıq ki, silahların işlədilməsi daha asan və rahat olsun. Atıcı silahlara gəlincə, biz son olaraq “Satevari” adlı modulyar snayper tüfəngimizi nümayiş etdirdik. Silahın müxtəlif çaplı, müxtəlif məqsədlər üçün nəzərdə tutulan 7 versiyası var. Bu nəinki modulyar dizayna malikdir, həm də dünyanın lider silahlarından sayıla bilər. Silahın kalibri .338-dir. Tüfəng hədəfi çox dəqiq vurur. Artıq testlərdə də bunu sübuta yetirib. Bundan başqa, 12.7 mm-lik PDShP-1 və PDShP-2 snayper tüfəngimiz, “İamani” adlı tapança pulemyotumuz var. Bunlar hazırda istifadədə olan və özünü doğrultmuş silahlardır. “Delta” həmçinin biratımlı və çoxatımlı əl qumbaraatanlarının da istehsalını həyata keçirir.
– “Satevari” dizayn olaraq “McMillan TAC-50” bənzəridir….
– Dizayn olaraq bənzəyə bilər. Bizim silahın fərqli onun qeyd etdiyim kimi modulyar olmasıdır. Tüfəngin fərqli kalibrlərdə versiyaları var və bir birlərindən taktiki-texniki göstəricilərinə görə fərqlənirlər.
– On il əvvəl Gürcüstan Azərbaycan və Türkmənistana Su-25 döyüş təyyarələrinin ixracını həyata keçirdi. Bu gün sizin müəssisələrin təyyarə istehsalı və modernləşdirilməsi sahəsində hər hansı bir fəaliyyət varmı?
– Bəli var. Döyüş təyyarələrinin istehsalı və modernləşdirilməsi ilə bağlı Dövlət Proqramı mövcuddur. Amma bunun detalları haqqında indidən danışmaq istəmirəm. Çünki layihə qapalı hesab olunur. Bu çox maraqlı istiqamət olacaq. Qərb analoqlarından istifadə edərək, biz istehsal olunan döyüş təyyarələrinin modernləşdirilməsini nəzərdə tuturuq.
– 2000-ci illərin əvvəllərində İsrail firması da təyyarələrin modernləşdirilməsi prosesində iştirak edirdi. Bu gün həmin şirkət layihədə iştirak edirmi?
– Hələ ki, bu istiqamətdəki fəaliyyətimizlə bağlı açıqlama vermirik. Təkcə onu deyə bilərəm ki, layihə ən müasir modernləşdirməni özündə ehtiva edir.
– Gürcüstan müdafiə sənayesi sektorunun inkişafı ilə bağlı planlarınızdan danışmağınızı istərdik. Yaxın 10 il ərzində bu sahəyə investisiya qoyuluşu, xarici şirkətlərin bu prosesdə iştirak perspektivi, əcnəbilərlə birgə şirkətlərin yaradılması imkanları haqda nə deyə bilərsiniz?
– Bu istiqamətdə çox ciddi çalışmalarımız var. Kapital həmişə ola bilər. Əsas məsələ bu kapitalı necə istifadə etməkdir. Əsas odur ki, kapital arxasınca qaçan zaman milli mənafe unudulmasın. Mən əminəm ki, Azərbaycan da strateji maraqları nəzərə alaraq, hərbi sənayenin inkişafına nail olmağa çalışır. Çünki bizim kimi geopolitik məkanda və vəziyyətdə olan ölkələr üçün bu çox vacibdir. Gələcək planlara gəldikdə isə onu deyə bilrəm ki, həm zirehli maşınlar, həm də PUA-lar sahəsində satışlarımızın olacağı gözlənilir. İnvestisiya məsələsində yanaşmamız çox ciddidir. Burada müəyyənləşdirilmiş “qırmızı xətt” olmalıdır. Məsələn, bir sıra sahələr üzrə gələn təkliflərdən imtina edildi. Çünki həmin istiqamətlərdə ölkənin təhlükəsizliyi daha vacibdir. Xarici firmalarla yaradılan birgə müəssisələrə gəldikdə isə bildirim ki, artıq belə şirkətlər mövcuddur və fəaliyyət göstərir. Texnologiyaların ölkəyə gətirilməsi üçün belə şirkətlərin fəaliyyət göstərməsi vacibdir. Bizim üçün burada vacib olan prosesdə gürcü mütəxəssislərin də iştirakıdır. Bəzən elə şirkətlər olur ki, texnologiyanın istehsalının detallarını məxfi saxlayır. Bu da bizi qane etmir. Belə şirkətlərlə əməkdaşlıq etmək mümkün olmur.
– Gürcüstan hökuməti müdafiə sənayesini stimullaşdırılması üçün hansı güzəşt və imtiyazlar tətbiq edir?
– Gürcüstanda sistem o qədər liberaldır ki, əlavə güzəştin tələb edilməsindən danışmaq düzgün olmazdı. Bizdə olan sistem biznesin həyata keçirilməsi üçün çox rahat zəmin yaradır. Dövlətin müdafiə sənayesinin inkişafına dəstəyi isə mövcuddur. Daha doğrusu dövlət müdafiə sənayesinin inkişaf etdirilməsi üçün zəruri olan təkliflərimizi daim müsbət dəyərləndirir.
– Hazırda Gürcüstanda fəaliyyət göstərən dövlət hərbi sənaye müəssisələrinin səhmdar təşkilat kimi fəaliyyət göstərməsi imkanları nə qədərdir? Yaxud gündəmdə belə bir ideya varmı?
– Sahə inkişaf etdikcə, bu məsələyə baxıla bilər. Əslində sizin də bildiyiniz Tiflis Aviasiya Zavodu səhimdar cəmiyyətdir. Yəni bu istiqamətdə artıq müəyyən işlər görülüb.
– İxracat potensialınız və göstəriciləriniz barədə danışaq. Bu yaxınlarda beynəlxalq mediada sizin Konqoya zirehli maşınlar satmağınızla bağlı informasiyalara rast gəlindi. Hazırda ixrac rəqəmləriniz hansı səviyyədədir?
– Hələ ki, qeyd etdiyiniz ixracat informasiyanı təsdiq edə və detallı məlumat verə bilmərəm. Statistik rəqəmlərə gəlincə, dəqiq rəqəmi söyləməyə çətinlik çəkirəm. Onu deyə bilərəm ki, hazırkı tarix üçün ixracımız 100 milyon dollara çatmır.
– Gürcüstan bölgə ölkələri ilə hansı birgə layihələrin həyata keçirilməsini düşünür?
– Biz bu məsələyə baxırıq və hesab edirik ki, bu sahədə inteqrasiya həm bizim, həm də digər ölkələr üçün əhəmyyətli ola bilər. Düşünürəm ki, elektronik sistemləri sektorunda, metalurgiya, aviasiya və digər vacib sahələrdə əməkdaşlıq edə bilərik. Bir sözlə geniş fəaliyyət imkanlarımız ola bilər. Hesab edirəm ki, bir neçə ildən sonra biz ölkələrimiz arasında əməkdaşlığın şahidi ola biləcəyik.
– Yəqin ki, Azərbaycan müdafiə sənayesi ilə tanışlığınız mövcuddur… Bundan başqa gələn il Bakıda keçiriləcək ADEX-2016 2-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirakınız nəzərdə tutulurmu?
– Biz ADEX-2016-da iştirak edəcəyik. Hətta hesab edirəm ki, əlaqələrimiz əsas verəcək ki, sizin dövlət tərəfindən də dəstək alaq. Biz əməkdaşlıq, birgə fəaliyyət istiqamətində irəliləyirik. Biz bu məsələyə baxırıq. Düşünürük ki, bizim bəzi məhsullarımız var ki, Azərbaycan tərəfindən maraqla qarşılana bilər. Bu gün Azərbaycanın da tələblərini nəzərdən keçiririk.
– Azərbaycanla minatəmizləmə sahəsində də əməkdaşlığınız haqda da fikirlərinizi bilmək maraqlı olardı…
– Bəli, Azərbaycanın bu sahədə fəaliyyət göstərən ANAMA ilə əməkdaşlığımız mövcuddur. Hələ əlaqələrin dərin olduğunu demək olmaz. Bizim minatəmizləmə sahəsində fəaliyyət gösərən bölmə ilə ANAMA arasında təcrübə mübadilələri olur. Yeri gəlmişkən, biz təhlükəli partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün xüsusi qurğu istehsal etmişik. Qurğu uğurla testdən keçib. Yaxın gələcəkdə onların da istifadə etməsi, yoxlaması üçün bu avadanlıqdan ANAMA-ya verilməsi də nəzərdə tutulub. Bu istiqamətdə əməkdaşlığımız uğurla inkişaf edir.
– Sizin yeniliklərdən biri də Dolu Əleyhinə Sistemdir. Bu qurğunun Azərbaycana ixrac edilməsi barədə fikirlər varmı?
– Bu çox maraqlı sistemdir. Bu sistemin radarının Azərbaycan ərazisini də gördüyünün şahidi oldunuz. Bu baxımdan həmin sahədə də əməkdaşlığımızın inkişaf etdiriləcəyinə ümid edirəm. Biz Azərbaycanın da kənd təsərrüfatı qurumlarına bu məsələdə kömək edə bilərik. Yeni sistem Gürcüstanın Kaxeti bölgəsində 83 nöqtədə qurularaq istifadəyə verilib.
– Başqa demək istədikləriniz varmı?
– Təşəkkür edirəm!