
Haluk Görgün KAAN layihəsi üzrə işlərin gedişini yerində yoxlayıb
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün milli döyüş təyyarəsi layihəsi çərçivəsində TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən KAAN üçün ayrılmış anqarı ziyarət edib.
“Poliqon” xəbər verir ki, bu barədə Haluk Görgün özünün “X” hesabında məlumat paylaşıb.
Məlumatda ziyarət zamanı tamölçülü statik sınaq təyyarəsinin çatdığı son mərhələ ilə bağlı geniş məlumat əldə edildiyi və sahədə aparılan işlərin yerində yoxlanıldığı bildirilib.
Sədr vurğulayıb ki, 2024-cü ildə ilk uçuşunu həyata keçirmiş və ilk uçuşuna hazırlaşan prototiplərlə statik sınaq təyyarəsinin eyni kadrda yer alması inkişaf, doğrulama və seriyalı istehsala hazırlıq proseslərinin paralel və planlı şəkildə davam etdiyini göstərir: “Bu layihədə məqsədimiz Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında uzun illər xidmət edəcək yeni nəsil döyüş təyyarəsini milli imkanlarla hazırlamaq və ölkəmizin qabiliyyətlərini daha da irəli aparmaqdır”.
Onun sözlərinə görə, KAAN, Türkiyənin mühəndislik potensialını, sistem inteqrasiyası bacarıqlarını və müstəqil müdafiə vizyonunu konkret şəkildə əks etdirən strateji addımdır. Təyyarə aşağı görünürlük xüsusiyyətlərinə, daxili silah bölmələrinə, qabaqcıl avionika arxitekturasına, sensor füzyonuna, artırılmış situasiya məlumatlılığına, şəbəkə dəstəkli əməliyyat imkanlarına, elektron müharibə qabiliyyətlərinə, “hava-hava” və “hava-yer” tapşırıqlarında çoxməqsədli effektivliyə malikdir.
“Hərbi Hava Qüvvələri Komandanlığımıza KAAN-ın təhvil verilməsi üçün müqavilə prosesi başladılır. Yerli təchizat zəncirimiz 20-dən çox şəhərdə 300-dən artıq şirkət və 5.000-dən çox ixtisaslı kadrla genişlənir. Yerli mühərrik hazırlanması və mərhələli qabiliyyət artırımı işləri qətiyyətlə davam edir. Sınaq, sertifikasiya və istehsala hazırlıq mərhələləri addım-addım irəlilədikcə, KAAN proqramı ölkəmizin aviasiya sahəsində çatdığı texnoloji səviyyənin və institusional koordinasiya gücünün ən aydın göstəricilərindən birinə çevrilir”, – deyə H.Görgün qeyd edib.





