HAVELSAN MRBS-də sərhəd təhlükəsizliyi üzrə həllərini təqdim edib

HAVELSAN MRBS-də sərhəd təhlükəsizliyi üzrə həllərini təqdim edib

HAVELSAN şirkəti 21-22 mart tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən 4-cü Hərbi Radar və Sərhəd Təhlükəsizliyi (MRBS) sammitində sərhəd təhlükəsizliyi üzrə həllərini təqdim edib.

HAVELSAN-dan “Poliqon”a verilən məlumata görə, şirkətin baş direktoru Dr. Mehmet Akif NACAR sammitdə çıxış edərək HAVELSAN-ın sərhəd təhlükəsizliyinin təmin olunması üçün hazırladığı həll və texnologiyalar haqqında danışıb.

M.A.NACAR vurğulayıb ki, dayanıqlı sərhəd təhlükəsizliyi ssenarisinə sahib olmaq üçün simulyasiya sahəsi gələcəkdə daha da inkişaf etdirilməlidir və HAVELSAN bu məsələyə xüsusi diqqət yetirir.

O, HAVELSAN-ın sərhəd təhlükəsizliyi məsələsində artan tələbləri diqqətlə izlədiyini və şirkətin müxtəlif çeşidli məhsullar ilə quru, hava, dəniz və sahil üçün bu ehtiyacları qarşıladığını qeyd edib.

Bu məhsullar arasında HAVELSAN-ın fərqli xüsusiyyətlərə malik sərhədlər üçün hazırladığı Sahil Müşahidə Radar Sistemi, Gəmi Trafiki Xidmətləri, Rəqəmsal Qoşun Həlləri, Neft və Təbii Qaz Boru Kəmərlərinin Təhlükəsizlik Sistemi, DOOB məhsul ailəsi, “Eyeminer”, “Harmoni” və “Orbit” kimi ağıllı şəhər həlləri yer alır.

Sahil Müşahidə Radar Sisteminin vasitəsilə sahil ərazilərini 7/24 saat mühafizə və müşahidə etmək mümkündür. Sistem ərazi sularının pozulmasının, qaçaqmalçılığın, icazəsiz immiqrasiyanın və dəniz çirklənməsinin qarşısının alınmasında, həmçinin axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində istifadə oluna bilər. Şirkətin Gəmi Hərəkəti Xidmətləri həlli həm dəniz trafikinin idarə edilməsi, həm də dəniz riskinin hesablanması və idarə edilməsi üçün istifadə olunur.

Eyni zamanda HAVELSAN-ın BAHA, BARKAN və SANCAR platformaları da digər məqsədlərlə yanaşı sərhəd təhlükəsizliyi üçün müşahidə və kəşfiyyat tapşırıqlarını icra edə bilər. BAHA-nın bulud altında uçmaq qabiliyyəti çətin hava şəraitində nəzarəti təmin etməyi asanlaşdırır. BARKAN-ı isə fövqəladə vəziyyətlərə cavab vermək üçün müxtəlif silahlarla inteqrasiya etmək mümkündür. BAHA və BARKAN-dan fərqli olaraq SANCAR əsasən dənizdə hər hansı qeyri-adi fəaliyyəti aşkar etmək üçün istifadə olunur. Hər üç avtonom platformanı sürü infrastrukturu ilə bir komanda sistemində idarə etmək mümkündür.

DOOB isə sahə üzrə məlumatların sürətli və dəqiq mübadiləsi üçün situasiya məlumatlılığına malik Birgə Komanda və Nəzarət Sistemidir. O, sərhəd təhlükəsizliyi məsələsində personalın birgə işləməsini və missiyalar zamanı maksimum uyğunluğun təmin olunmasını mümkün edir. DOOB məhsul ailəsi istənilən sistemə inteqrasiya oluna və sərhəd təhlükəsizliyi sahəsində silahlı qüvvələrin gücünü artıra bilər.

Poliqon.az

CATEGORIES
TAGS