
HAVELSAN şirkəti Türkiyədə keçirilən “TEKNOFEST Mavi Vatan” texnologiya festivalında yeni AVISTA sualtı insansız dəniz aparatını (İDA) ilk dəfə təqdim edib.
“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, avtonom İDA sahəsində SANCAR və RAFNAR layihələri ilə mühüm imkanlar əldə edən şirkət yeni tədqiqat-inkişaf (Tə-İn) layihəsi olan AVISTA-nı öz vəsaiti hesabına həyata keçirib.
Bildirilib ki, HAVELSAN AVISTA layihəsi ilə GNSS siqnallarının olmadığı sualtı mühitlərdə dəqiq mövqeləndirmə, üçölçülü sualtı xəritələmə, gəmi gövdəsinin sualtı hissəsinin yoxlanılması, kritik sualtı infrastrukturların qorunması və inteqrasiya olunmuş təhlükəsizlik imkanlarının milli vasitələrlə inkişaf etdirilməsini hədəfləyir.
Sualtı sensorların yüksək qiyməti və onların tədarükündə yaranan gömrük məhdudiyyətləri nəzərə alınaraq, AVISTA layihəsi münasib qiymətli və asan əldə edilə bilən sensorlardan istifadə etməklə sualtı platformaların imkanlarını artıran alqoritmlərin hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində əldə ediləcək texnologiyalar HAVELSAN-ın dalış qabiliyyətinə malik hibrid insansız dəniz aparatı (H-İDA) olan ÇAKA layihəsində də birbaşa istifadə olunacaq.
6 sərbəstlik dərəcəsinə malik uzaqdan idarə olunan sualtı aparatını (ROV) inkişaf və sınaq platforması kimi istifadə edən HAVELSAN şirkəti AVISTA layihəsini platformadan asılı olmayan alqoritmlər və proqram təminatı arxitekturası əsasında hazırlayır. Bununla da AVISTA-nın gələcəkdə müxtəlif sualtı İDA-lara inteqrasiya edilməsi və ADVENT döyüş idarəetmə sistemi ilə inteqrasiya olunmuş şəkildə işləməsi hədəflənir.
Hələlik Tə-İn layihəsi olan AVISTA mövcud imkanları sayəsində sualtı axtarış-xilasetmə əməliyyatlarında, hüquqi araşdırmalarda, infrastruktur və enerji obyektlərinin sualtı yoxlanılmasında, həmçinin liman və obyektlərin təhlükəsizliyinin təmin edilməsində istifadə oluna bilər.
AVISTA insansız dəniz aparatının yaxın zaman ərzində dəniz sınaqlarına başlanılması planlaşdırılıb. Layihəsi çərçivəsində əldə ediləcək imkanlar ADVENT MÜREN döyüş idarəetmə sisteminin sualtı qayıqlara qarşı mübarizə (ASW), suüstü döyüş, mina müharibəsi və dəniz dibi müharibəsi imkanlarına müxtəlif səviyyələrdə töhfə verəcək.
HAVELSAN sualtı texnologiyalar sahəsində yeni məhsul və həlləri 2027-ci il ərzində istifadəyə hazır vəziyyətə gətirməyi hədəfləyir.





