Hərbi jurnalist Rəşad Süleymanovun vəfatından dörd il ötür
POLİQON (“Azeri Defence”) jurnalının təsisçisi və baş redaktoru Rəşad Süleymanovun vəfatından dörd il ötür.
“Poliqon”un məlumatına görə, Rəşad Süleymanov 1982-ci ildə Füzuli rayonunda anadan olub.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən R.Süleymanov 1999-2003-cü illərdə müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edib, ilk dəfə daimi işə “Həftə içi” qəzetində başlayıb. “525-ci qəzet”, APA İnformasiya Agentliyi və digər mətbuat orqanlarında çalışan jurnalist 2012-ci ildən təsisçisi olduğu “Azeri Defence” (POLİQON) jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.
Azərbaycan mətbuatının inkişafında xüsusi xidməti olan Rəşad Süleymanov 44 Günlük Vətən müharibəsinin davam etdiyi müddətdə hərbi jurnalist və ekspert kimi cəmiyyətin informasiyalarla təminatı, həm də ictimai rəyin düzgün formalaşdırılması istiqamətində böyük əzmlə çalışıb.
Hərbi-texnologiyanın incəliklərini dərindən mənimsəyən Rəşad Süleymanov Azərbaycanın region-dost ölkələri ilə, xüsusilə də Azərbaycan-Türkiyə müdafiə sənayesi əlaqələrinə böyük töhfələr verib.
38 yaşında koronavirusa yoluxan hərbi jurnalist Rəşad Süleymanov 2020-ci ilin dekabrın 15-də bu xəstəlikdən vəfat edib.
Rəşad Süleymanov (ölümündən sonra) 2020-ci ildə Vətən müharibəsi zamanı arxa cəbhədəki fəal iştirakına görə “Xarıbülbül” mükafatı və 2021-ci ildə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə təltif olunub.
2021-ci ilin aprelində Rəşad Süleymanovun xatirəsinə hərbi jurnalist Anar Şuşalı tərəfindən “Rəşad xatirələrdə” sənədli filmi hazırlanıb. Rəşad Süleymanovun keçdiyi mənalı həyat yolu və yaradıcılığından bəhs edən sənədli film TV vasitəsi ilə geniş ictimaiyyət arasında yayımlanıb.
Rəşad Süleymanovun orta təhsil aldığı Füzuli rayonunun Böyük Bəhmənli kənd orta məktəbində adına sinif otağı verilib, onun fəaliyyətini əks etdirən guşə yaradılıb.
Ötən il “Poliqon” jurnalının təsisçisi və baş redaktoru olmuş hərbi jurnalist Rəşad Süleymanovun adının əbədiləşdirilməsi və Azərbaycanda hərbi sahə üzrə fəaliyyət göstərən jurnalistlərin əməyinin qiymətləndirilməsi üçün “POLIQON JURNALI” MMC tərəfindən “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı təsis edilib.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə mükafat ilk dəfə Milli Mətbuat Günü ərəfəsində, 2023-cü ilin iyulun 18-də Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə televiziya, onlayn xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim olunub.
Bu ilin sonu, Rəşad Süleymanovun vəfatının ildönümü ərəfəsində “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı Azərbaycanda hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə veriləcək.