Hikmət Mirzəyev: “Əməliyyatın ilk günü tam əmin idim ki, Şuşanı təmizləyəcəyik”

Hikmət Mirzəyev: “Əməliyyatın ilk günü tam əmin idim ki, Şuşanı təmizləyəcəyik”

“Əməliyyatda mənim tərəfimdən bəzi xüsusi tələblər qoyulmuşdu. İçimizdə daima bu hiss oldu ki, biz Şuşanı azad edəcəyik. O inam bizdə oldu. Mən hətta bir çox rəhbər heyətinə də əməliyyatların başlanması anından, bəlkə də bir neçə saat sonra məruzə etmişəm ki, hansı vaxtda biz oranı ələ keçirəcəyik”.

“Poliqon”un məlumatına görə, bunu Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev “Şuşa, sən azadsan!” sənədli filminində deyib.

XTQ komandanı bildirib ki, Hadrut və Füzulini ələ keçirdikdən sonra, gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatını aparıblar.

“Əməliyyatın ilk günü tam əmin idim ki, Şuşanı təmizləyəcəyik. Hətta mən bununla bağlı Müdafiə Nazirliyində bir-iki nəfərə də bunu qeyd etmişdim. Vətən müharibəsində XTQ-nin həlledici rolu və tarixə keçəcək əfsanəvi şücaəti danılmazdır. Şəxsi heyətimiz bütün risklərə hazır idilər və bunu göz önünə alaraq düşmənin edə bilməyəcəyi şeyləri bizimkilər həyata keçirdilər. Mənim planda nəzərdə tutduğum bütün fəaliyyətləri sözsüz və dəqiqliklə, vaxtında icra etdilər. Şəxsi heyət bununla bağlı inanılmaz və əfsanəvi bir təlimat ortaya qoydular.

Şuşaya girəndə özümü çox xoşbəxt hiss etdim, vicdanım içimdə öz cavabını tapdı. O vaxta kimi daima əziyyət çəkirdim. Orda bunu hiss etdim, mənə böyük bir rahatlıq gəldi. Baxmayaraq ki, şəhidlərimiz, yaralılarımız, itkilərimiz oldu. Lakin buna baxmayaraq, Şuşanın alınması bütün millət üçün başucalığı idi. Biz öz şərəfimizi geri qaytardıq. Biz təkcə Şuşanı geri almadıq, Azərbaycanın namusunu, qeyrətini, şərəfini geri qaytardıq”, – deyə general-leytenant Hikmət Mirzəyev vurğulayıb.

Poliqon.az

CATEGORIES
TAGS