Hindistan AK-203 avtomatlarının seriyalı istehsalına başlayıb
Rusiya və Hindistanın “Indo-Russian Rifles Private Limited” (IRRPL) birgə müəssisəsi AK-203 avtomatlarının seriyalı istehsalına başlayıb.
Bu barədə “Poliqon” “Rosoboronexport” şirkətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, Himdistan bununla daxili təlabatını ödəyərək həm ordusunu, həm də təhlükəsizlik qüvvələrini yüksək keyfiyyətli, rahat və müasir atıcı silahlarla təmin edəcək.
Gələcəkdə AK-203 avtomatlarının istehsalının Hindistan tərəfindən 100% lokallaşdırılması da birgə müəssisənin istehsal planlarına daxildir.
Xatırladaq ki, ötən ilin sentyabr ayında “Kalaşnikov” konserninin baş direktoru Alan Luşnikov birgə müəssisənin bu avtomatların istehsalına başladığını açıqlamışdı. Lakin bu, seriyalı istehsaldan öncə, ilkin sınaq mərhələsi üçün nəzərdə tutulan istehsal idi.
7.62 mm-lik qatlanan qundaqlı AK-203 avtomatının boş daraqla birlikdə çəkisi dörd kiloqramdır. Avtomatın üzərindəki mexaniki nişangah istifadəçiyə 800 metrə qədər olan hədəfləri nişan almağa imkan verir. Bundan başqa, AK-203 avtomatının konfiqurasiyası ona müxtəlif cihazların və optik nişangahların quraşdırılmasına uyğun dizayn edilib. Dəqiqədə 700 atəş aça bilən avtomatın lüləsinin uzunluğu 415 millimetrdir.
Onu da qeyd edək ki, AK-203 avtomatlarının istehsal olunacağı “Indo-Russian Rifles Private Limited” şirkətinin təməli hələ 2007-ci ildə qoyulub və 2019-cu ildə zavodun açılışı barədə rəsmi məlumat paylaşılıb. Müəssisə Hindistanın Uttar Pradeş ştatının Ameti bölgəsindəki Korva şəhəri yaxınlığında yerləşir.