Hindistan Fransadan əlavə “Rafale” qırıcıları alacaq

Hindistan Fransadan əlavə “Rafale” qırıcıları alacaq

Hindistan və Fransa 7.6 milyard ABŞ dolları dəyərində 26 ədəd “Rafale” qırıcısının tədarükü üçün danışıqları yekunlaşdırıb.

“Poliqon” “Scramble” nəşrinə istinadən xəbər verir ki, rəsmi müqavilənin 2025-ci ilin aprelində Fransa müdafiə nazirinin Hindistana səfəri zamanı imzalanması gözlənilir.

Hələlik təsdiqlənməsə də, hesabatlar göstərir ki, Hindistan tərəfi Fransanın “Dassault Aviation” şirkətindən 22 ədəd “Rafale M” və 4 ədəd “Rafale B” qırıcısı alacaq. Bununla belə əvvəlki hesabatlarda Hindistanın Fransadan 26 ədəd “Rafale M” qırıcısı almaq istədiyi bildirilmişdi.

Təyyarə gəmiləri üçün nəzərdə tutulan “Rafale M”lər hazırda Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən istifadə olunan MiQ-29K və MiQ-29KUB qırıcılarını əvəz edəcək. Yeni “Rafale M” qırıcıları “INS Vikrant” (R11) və “INS Vikramaditya” (R33) təyyarə gəmilərində xidmət göstərəcək.

“Rafale M”dən fərqli olaraq “Rafale B” versiyası təyyarə gəmilərində istifadə üçün nəzərdə tutulmayıb və əsasən quruda təlim məqsədilə istifadə ediləcək.

Xatırladaq ki, bundan əvvəl 2016-ci ildə Hindistan və Fransa arasında 36 ədəd “Rafale” qırıcısının tədarükünü nəzərdə tutan 9.4 milyard ABŞ dolları dəyərində müqavilə imzalanıb. Müqaviləyə əsasən, həmin “Rafale”lərin Hindistan Hərbi Hava Qüvvələrinə təhvil verilmə işləri 2019-2022-ci illər ərzində reallaşdırılıb.

CATEGORIES