
Hindistan Rusiyaya istehsalı Mi-17V-5 helikopterlərindən imtina edib
Hindistan Rusiyadan Mi-17V-5 helikopterlərinin alınmasını ləğv edib.
“Poliqon” xəbər verir ki, təxminən 10 il əvvəl imzalanmış prioritet müqavilə Rusiyadan 80 ədəd Mi-17V-5 helikopterinin alınmasını nəzərdə tuturdu. 32-ci helikopter alındıqdan sonra ölkələr arasında mövcud müqavilə çərçivəsində əməkdaşlığa xitam veriləcək. Bu, Hindistanın idxalı əvəzləmə – “Make in India” proqramının həyata keçirilməsi ilə bağlıdır.
Ölkə hökumətindəki mənbələr iddia edir ki, 48 ədəd helikopter üçün tenderin ləğvi barədə qərar Rusiyanın Ukraynaya qarşı müharibəsi başlamazdan əvvəl verilib və sanksiyalarla heç bir əlaqəsi yoxdur. Belə ki, 48 ədəd Mi-17V-5 helikopterinin tenderi istehsalın milliləşdirilməsinə təkan verildiyi üçün ləğv edilib. Hindistan Hərbi Hava Qüvvələri indi yerli istehsal helikopter proqramını dəstəkləyəcək.
Həmçinin bildirilib ki, Hindistan müdafiə istehsalının milliləşdirilməsi üzərində fəal işlədiyi üçün yaxın günlərdə çoxlu sayda idxal müqaviləsini ləğv edib.
Mi-17V-5 şəxsi heyətin, yüklərin və silahların daşınması üçün təyin edilmiş hərbi nəqliyyat helikopteridir. O, həmçinin yük kabinasının içərisində və ya xarici asqı üzərində hərbi texnikanın daşınması üçün istifadə oluna bilər. Mi-17V-5 taktiki hava-desant qoşunlarının desantlanması, təxribat-kəşfiyyat qruplarının enişi, yüngül zirehli texnikaların, sahə hədəflərinin və canlı qüvvənin məhv edilməsi, yaralıların təxliyyəsi və daşınması üçün istifadə olunur.
Helikopter müxtəlif iqlim şəraitində gecə-gündüz idarə oluna bilir, öz sinfində ən böyük yük kabinasına görə geniş daşıma imkanlarına malikdir.
Helikopterin əsas xassələri aşağıdakı kimidir (*xassələr helikopterin normal uçuş kütləsi üçün verilib):
- maksimal uçuş kütləsi – 13.000 kq;
- maksimal faydalı yükü – 4.000 kq;
- maksimal uçuş sürəti – 250 km/saat*;
- daxili yanacaq çənləri ilə uçuş məsafəsi – 650 km;
- praktiki uçuş tavanı – 6000 m*;
- yük bölməsinin həcmi – 23 m3;
- yük bölməsində daşınan desant sayı – 36 nəfər.
Qeyd edək ki, Hindistan dünyada Mi-17V-5 və Mi-17 helikopter parkının ən böyük operatorlarından biridir, onlardan ölkənin prezidenti və baş naziri də daxil olmaqla, öz nüfuzlu yüksək səviyyəli şəxslərini daşımaq üçün istifadə edir.
Əhəd Əzizov