Hindistan yeni yüngül zərbə helikopterləri alır

Hindistan yeni yüngül zərbə helikopterləri alır

Hindistan silahlı qüvvələri dövlətə məxsus “Hindustan Aeronautics Limited” (HAL) aviaquraşdırma şirkəti tərəfindən istehsal edilən LCH (Light Combat Helicopter) yüngül hücum helikopterləri ilə silahlanmağa başlayır.

“Poliqon” Hindistan Müdafiə Nazirliyininin mətbuat xidmətinə istinadən bildirib ki, Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik üzrə Komitəsi (Cabinet Committee on Security – CCS) 15 ədəd LCH yüngül hücum helikopterinin alınmasını təsdiqləyib.

Satınalmanın qiyməti 38,87 milyard Hindistan rupisi (513,8 milyon ABŞ dolları) olaraq qiymətləndirilir. Daha 3,8 milyard rupi (50,0 milyon ABŞ dolları) yeni helikopterlərin infrastrukturunun yaradılmasına xərclənəcək. Bu satınalma kiçik seriyalıdır, ümumilikdə Hindistan silahlı qüvvələrinin ehtiyacları üçün ildə təxminən 30 ədəd istehsal tempi ilə 162 ədəd LCH helikopterinin alınması planlaşdırılır. Bundan əlavə, bu helikopterlər ixrac da oluna bilər.

15 ədəddən ibarət ilk partiya Hindistan Ordusu və Hərbi Hava Qüvvələri (HHQ) arasında bölünəcək. Ordu 5 ədəd, HHQ isə 10 ədəd yeni helikopter alacaq. Ümumilikdə ordunun ehtiyacları 97 ədəd LCH helikopteri olaraq qiymətləndirilir, HHQ-nə isə 65 ədəd lazımdır.

Qeyd edək ki, LCH helikopterinin prototipinin ilk uçuşu 2010-cu ilin martın 29-u tarixində baş tutub və 2016-cı ildə HAL yeni helikopterlərin seriyalı yığılmına başladığını elan edib. LCH yüngül hücum helikopteri heyətin tandem yerləşməsi ilə klassik sxemə uyğun olaraq hazırlanıb. Helikopter yüksək dağlıq ərazilərdə tətbiq edilmək üçün nəzərdə tutulub.

Helikopterin kabinəsi 12,7 mm-lik zirehdəlici güllələrə qarşı tab gətirmək qabiliyyətinə malikdir. Qəza enişi zamanı heyətin təhlükəsizliyini artırmaq üçün şassi yığılmayan və enerji udma qabiliyyətli variantda hazırlanıb. Helikopter HAL və “Turbomeca” şirkətləri tərəfindən birgə hazırlanmış FADEC tipli rəqəmsal idarəetmə sistemli iki TM333-2C2 “Shakti” turboval (qazoturbin) mühərriklə təchiz edilib. Bir mühərrikin gücü 1200 at gücünə bərabərdir.

Helikopterin silahlanması burunda yerləşən müşahidə-nişangah sistemindən və idarə olunan 20 mm-lik (20×102 mm) dönən topdan ibarətdir. İdarə olunan və idarə olunmayan raketlər qanadlarda yerləşən dörd asqı nöqtəsinə quraşdırıla bilir.

LCH saatda 330 km sürəti inkişaf etdirir, kreyser sürəti saatda 260 km-dir. Havaya maksimal qalxma sürəti saniyədə 12 metrdir. O, 6500 m yüksəkliyə qalxa və 700 km-ə qədər məsafə qət edə bilir.

Helikopterin uzunluğu 15 m, aparıcı pərvanənin diametri 13,3 m, hündürlüyü 4,7 m və qanad açıqlığı 4,6 m-dir. Kütləsi boş vəziyyətdə 3000 kq, maksimal uçuş vəziyyətində isə 5500 kq-dır.

h1

LCH helikopteri

h2

LCH helikopterinin TD2 prototipi silahlandırılmış vəziyyətdə

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS