
Türkiyənin TUSAŞ şirkəti tərəfindən yerli və milli imkanlar hesabına hazırlanmış HÜRJET təlim təyyarəsinin İspaniyaya ixracına dail müqavilənin imzalanma mərasimini keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün özünün “X” hesabında məlumat paylaşıb.
O vurğulayıb ki, bu razılaşma Türkiyə tarixində ilk dəfə insanlı və reaktiv mühərrikli hava vasitəsinin ixracı baxımından son dərəcə mühümdür: “TUSAŞ-ın baş podratçı olduğu, onlarla şirkətimizin birgə əməyi ilə istehsal edilən HÜRJET-lərimiz “Airbus Spain” və TUSAŞ tərəfindən İspaniya Hava-Kosmik Qüvvələrinin tələblərinə uyğun şəkildə konfiqurasiya edilərək Avropa səmasında türk mühəndisliyinin gücünü təmsil edəcək”.
Sədrin bildirdiyinə görə, bu layihə NATO çərçivəsində möhkəmlənən Türkiyə-İspaniya dostluğunun müdafiə sənayesindəki əksidir.
“Türkiyə, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən milli müdafiə sənayesi səfərbərliyi nəticəsində beynəlxalq müdafiə xərclərinin artdığı və təchizat təhlükəsizliyinin sınaqdan keçdiyi bir dövrdə NATO və Avropa ölkələri də daxil olmaqla bir çox dost və müttəfiq ölkə üçün həll tərəfdaşına çevrilib”, – deyə Haluk Görgün qeyd edib.







