“Hürjet”in uçuş müddəti 6 saatı aşıb
Türkiyənin TUSAŞ şirkəti tərəfindən inkişaf etdirilən “Hürjet” təlim-döyüş təyyarəsi 10-cu sınaq uçuşunu həyata keçirib.
“Poliqon” TUSAŞ-a istinadən xəbər verir ki, 2023-cü il aprelin 25-dən indiyə kimi keçirilən sınaq uçuşları zamanı “Hürjet”, ümumilikdə 6 saat 16 dəqiqə havada qalıb.
Şirkətin bildirdiyinə görə, son iki sınaqda eniş dəstləri bağlı şəkildə uçan “Hürjet”in, bu günə qədər bir sıra vacib sistemləri havada olarkən test edilib. “Hürjet”in baş tutan son uçuşunda isə ikinci sınaq pilotu da iştirak edib. Beləliklə, təyyarə ilk dəfə iki pilotla birlikdə sınaq uçuşunu yerinə yetirib.
Mövzu ilə bağlı fikirlərini bölüşən TUSAŞ-ın baş direktoru Temel Kotil, “Hürjet”in uçmağa çox öyrəşdiyini vurğulayıb: “Demək olar ki, hər həftə sınaq uçuşları həyata keçiririk, havada vacib məlumatları toplayırıq və təhlillər aparırıq. Bu gün daha bir ilki həyata keçirdik. Belə ki, ikinci sınaq pilotumuz da uçuş zamanı “Hürjet”də öz yerini aldı.
Tezliklə kütləvi istehsala keçərək Türkiyə Silahlı Qüvvələrinə təhvil verəcəyimiz təlim təyyarələri ilə gələcəkdə bir çox türk döyüş pilotunun yetişdirilməsinə ciddi töhfə göstərəcəyik”.
Qeyd edək ki, TUSAŞ tərəfindən Türkiyə Hərbi Hava Qüvvələrinə ilk “Hürjet” təlim təyyarəsinin təhvil verilməsi işlərinin 2025-ci ildə həyata keçirilməsi planlaşdırılır.