
IDEF-2025 sərgisi çərçivəsində silah sistemlərinin nümayiş olunduğu parad keçirilib
17-ci IDEF Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2025) çərçivəsində Türkiyə tərəfindən yerli istehsal edilən çoxsaylı quru, hava və daniz platformalarının nümayiş olunduğu parad mərasimi keçirilib.
“Poliqon” xəbər verir ki, Atatürk Hava Limanında keçirilən sərginin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Güler, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmilər iştirak ediblər.
Açılış proqramı çərçivəsində Türkiyə istehsalı müdafiə sənayesi məhsullarının paradı baş tutub.
IDEF tarixində ilk dəfə keçirilən paradda nümayiş olunan aviasiya vasitələri arasında HÜRJET, HÜRKUŞ təyyarələri, AKSUNGUR, “Bayraktar AKINCI”, “Bayraktar TB2”, “Bayraktar TB3”, “Bayraktar KALKAN”, BAHA PUA-ları və GÖKBEY, ATAK, T70 helikopterləri yer alıb.
Quru nəqliyyat vasitələri seqmentində PARS İZCİ 8×8, PARS İZCİ 6×6, VURAN, KİRPİ II, AMAZON, TULGA, COBRA II, EJDER YALÇIN 4×4, YÖRÜK 4×4 zirehli maşınları, AKTAN yanacaq tankeri, “Drops 8×8” təkərli konteyner daşıyan maşın və GÜRHAN hibrid mühərrikli özüyeriyən artilleriya qurğusu keçid edib.
Hava və quru platformaları ilə yanaşı, Ataköy Marinada sərgilənən yerli dəniz vasitələri də keçid mərasimində nümayiş olunub. Bunların sırasına “TCG Anadolu”, “TCG İstanbul”, “TCG Derya”, “TCG Sancaktar”, “TCG Üsteğmen Arif Ekmekçi” və TCG ALEMDAR gəmiləri daxildir.
Həmçinin keçid zamanı “Roketsan” şirkətinin PUSU silah sistemi, KMC-U taktiki raket silah sistemi, “Sungur” HHM sistemi, ALKA şəbəkə dəstəkli istiqamətləndirilmiş enerji silah sistemi, BURÇ mobil HHM sistemi, SİPER uzun mənzilli HHM sistemi, T-122 YARS, TRG-230 və TRG-300 raketləri, “yer-yer” tipli KARA ATMACA qanadlı raketi və TAYFUN ballistik raketi nümayiş etdirilib.
Bunlardan başqa, ASELSAN-ın GÖKBERK mobil lazer silah sistemi, KORKUT və GÜRZ HHM sistemləri, HİSAR A+ avtonom raket buraxma sistemi, HİSAR O+ atəşi idarəetmə mərkəzi, ALP 100-G aşağı hündürlüklü radarı, PUHU 3-LT V/UHF elektron sistemi ve VURAL radar sistemi də keçiddə yer alıb.