ANKA III PDT və “Süper Şimşek” dronuna baxış – TƏHLİL

ANKA III PDT və “Süper Şimşek” dronuna baxış – TƏHLİL

Türkiyənin TUSAŞ şirkəti ANKA III və “Süper Şimşek” məmulatları ilə aviasiyada daha bir ilkə imza atıb.

“Poliqon”un məlumatına görə, 8 aprel 2025-ci ildə TUSAŞ ANKA III az gözəçarpan (stels – stealth) zərbə əməliyyat-taktiki pilotsuz uçuş aparatından (PUA) yüksək sürətli “Süper Şimşək” pilotsuz uçan aparatını (dron) uğurla buraxaraq pilotsuz hava döyüş sistemlərinin inkişafında yeni bir mərhələyə çatıb.

Beləliklə, ilk dəfə reaktiv mühərrikli PUA-dan reaktiv mühərrikli hədəf dronu atılıb.

Sınaqlar bütün dünyada populyarlıq qazanan və yüksək riskli əməliyyatlar zamanı idarə olunan (pilotlu) və ya bahalı təyyarələrin təhlükəsizliyi üçün nəzərdə tutulan “sadiq davamçı” konseptinin inkişafı çərçivəsində 3060 metr hündürlükdə və 280 km/s sürətdə baş tutub. Ən son sınaq ANKA III pilotsuz döyüş təyyarəsindən (PDT) dronların buraxılması üçün platforma rolunu oynayan “ana gəmi” kimi istifadə etməyə imkan verdiyini təsdiqləyib.

489496946 1214922933466316 2250529197525370131 nTürkiyənin “Döyüş pilotsuz aviasiya sistemi” (Muharip İnsansız Uçak Sistemi – MİUS) layihəsi əsasında yaradılan ANKA III PDT-nin uçuş-enmə zolağındakı sınaqlarına 2023-cü ilin aprelində başlanılıb. İlk uçuşunu 2023-cü ilin dekabr ayının 28-də həyata keçirib. Bu zaman PDT bir saat on dəqiqə havada olub. İlk sınaq zamanı tamamilə avtonom olan uçuş yerinə yetirilib və uçuş zamanı bütün yoxlamalar aparıldıqdan sonra PDT-nin avtomatik enişi həyata keçirilib. 20 avqust 2024-cü il tarixində isə ANKA III uçuşda ilk şassinin yığılması sınağını uğurla həyata keçirib. Fəal sınaqları davam etdirilən ANKA III PDT döyüş sursatlı uçuş sınaqlarını da keçib. Bu kontekstdə, 20 sentyabr 2024-cü il tarixində, 12-ci uçuşunda o, “Roketsan” şirkətinin istehalı olan, İnersial Ölçmə Bloku (Inertial Measurement Units – IMU), Qlobal Mövqeləşdirmə Sistemi (Global Positioning System – GPS) və Yarıaktiv Lazer Özütuşlama Başlığı (Semi-Active Laser Homing – SALH) ilə təchiz edilmiş TEBER-82 tuşlama dəstli MK-82 tipli aviasiya bombası ilə hədəfi yüksək dəqiqliklə vurub. Daha sonra, 30 oktyabr 2024-cü il tarixində qanadlı raketlə silahlandırılmış ANKA III PDT tarixdə “sadiq davamçı” rolunda başqa təyyarə tərəfindən idarə olunan ilk PUA olub ki, bu da özündə hərbi təyyarələrin uzaqdan idarəetmə imkanlarında irəliləyişi tərənnüm edir. ANKA-III PDT-dən döyüş sursatlı növbəti atış sınağı isə 13 yanvar 2025-ci il tarixində ASELSAN şirkətinin istehsal etdiyi TOLUN infraqırmızı tuşlama başlıqlı idarə olunan döyüş sursatları ilə 6096 m yüksəklikdə 330 km/s sürətlə həyata keçirilib. Bütün döyüş atışlı sınaqlar ASELSAN şirkətinin istehsalı olan ASELFLIR-500 (AF500) elektro-optik kəşfiyat, müşahidə və tuşlama sistemi ilə aparılıb.

ANKA III PDT layihəsi gizli şəkildə inkişaf etdirilib. Onun mövcudluğu yalnız 2022-ci il dekabrın ortalarında məlum olub. ANKA III PDT uçan qanad sxemindən istifadə edilməklə hazırlanıb. Planerin oxvari qanaddan bir qədər kənara çıxan rudimentar (inkişaf etməmiş) gövdəsi var. PDT-nin yuxarı səthində xarakterik hava qəbuledici var. Yuxarıda daha bir neçə kiçik pəncərə də var. Turboreaktiv mühərriki quyruq hissədə yerləşir. İddia olunur ki, PDT-nin gövdəsinin seçilmiş konstruksiyası onun radiolokasiya vasitələrinə görünməsini azaldır.

490473758 1214923283466281 1623512171639152321 nANKA III PDT, 6,5 ton uçuş kütləsinə malik olmaqla, 0,7 Mach-a (860 km/s) qədər sürətlə uçmağa və 12.000 m-ə qədər yüksəkliyə qalxmağa imkan verən turboreaktiv mühərrik (böyük ehtimal ki, Türkiyə istehsalı TEI-TF6000 mühərrikidir) ilə təchiz edilib. TUSAŞ şirkəti ANKA III PDT-ni yerli istehsal olan iki TEI TF-10000 turbofan mühərriki ilə təchiz etməyi planlaşdırır. Bu mühərriklərin PUA-nı KAAN (“Turkish Fighter” və ya MMU – Milli Muharip Uçak olaraq da tanınınr) pilotlu döyüş təyyarəsini müşayiət etməyə imkan verən səsdən sürətli imkanlarla təmin edəcəyi gözlənilir.

PDT-nin kreyser sürəti 460 km/saatdır. O, müxtəlif tapşırıqları yerinə yetirərək 10 saat uça və daxili bölmələrində 1200 kq-a qədər faydalı yük daşıya bilir. O, gövdə daxilindəki iki yerin hər birində 600 kq, qanadın daxili yerlərinin hər birində isə 600 kq döyüş sursatı daşımaq qabiliyyətinə malikdir.

ANKA III PDT biri dib, ikisi içəri və ikisi qanad altında olmaqla yeddi silah sistemi ilə təchiz edilib. O, 700 km-ə qədər məsafə qət etməyə qadirdir. Onda müasir PUA-larda istifadə edilən ən çox yayılmış döyüş sursatlarından tutmuş Türkiyənin SOM-J, “Çakır”, “Bozdoğan”, “Şimşek”, Süper Şimşek kamikadze dronları və ABŞ-nin MK-82, eləcə də bunker əleyhunə bombaları kimi böyük döyüş sursatlarına qədər geniş çeşidli variantları özündə birləşdirir. Yüksək sürətli əməliyyatlar üçün nəzərdə tutulmuş ANKA III PDT həm “hava-yer”, həm də “hava-hava” döyüş imkanları təklif edir. Özünün döyüş rolundan başqa, ANKA III PDT kəşfiyyat, müşahidə və kəşfetmə (Intelligence, Surveillance, Reconnaissance – ISR) missiyalarını, eləcə də radioelektron mübarizə yerinə yetirə bilir.

Qeyd etmək lazımdır ki, müxtəlif yerli döyüş sursatları ilə atəş sınaqlarını uğurla həyata keçirən ANKA III, keçən ay ASELSAN şirkətinin LGK-82 (Lazer Güdüm Kiti) lazer tuşlama dəsti ilə təchiz edilmiş 500 funtluq (227 kq) aviasiya bombasını ataraq hədəfi müvəffəqiyyətlə vurub.

ANKA III PDT-nin istehsalı həyata keçirilmə prosesindədir və bir neçə nümunənin 2028-ci ilə qədər orduya təhvil verilməsi planlaşdırılır. Onun və əlaqədar texnologiyaların inkişafı Türkiyənin xarici hərbi texnikadan asılılığını azaltmaq və öz müdafiə sənayesini qurmaq məqsədini əks etdirir. ANKA III PDT-nin yaranması pilotsuz sistemlərin hərbi əməliyyatlara inteqrasiyası istiqamətində qlobal tendensiyanın bir hissəsidir. Onun imkanları və Türkiyənin daha geniş PUA proqramı beynəlxalq diqqəti cəlb edib, artıq bir neçə ölkə oxşar sistemləri əldə etməkdə maraqlı olduğunu bildirib.

ANKA III, Türkiyənin “Şimşek” və “Süper Şimşek” dronlarını özündə birləşdirən daha geniş PUA ekosisteminin bir hissəsidir. Bu pilotsuz sistemlər hərtərəfli hava imkanlarını təmin etmək üçün birlikdə işləyir.

490505240 1214923286799614 4784501349804190472 nTUSAŞ şirkəti tərəfindən adını “şimşək” təbiət hadisəsindən alan “Şimşek” PUA-nın qabaqcıl versiyası olaraq hazırlanmış “Süper Şimşek” kinetik hücumlar, radioelektron mübarizə, kəşfiyyat və yalançı hədəfləri qoyma kimi tapşırıqlar da daxil olmaqla 11 fərqli tapşırığı yerinə yetirmək üçün təyin edilmiş yüksək sürətli drondur. Öz kütləsi 200 kq olmaqla, 700+ km-ə qədər uçuş məsafəsi və təxminən 0,8-0,9 Mach (1000+ km/s) maksimal sürətlə o, infraqırmızı/radiotezlik siqnatura gücləndiriciləri, döyüş başlıqları (hava hədəflərini tutmaq üçün infraqırmızı döyüş başlıqları daxil olmaqla), maneə qoyma sistemləri, elektro-optik sensorlar və radarlar da daxil olmaqla müxtəlif 50 kiloqrama qədər ağırlıqda faydalı yükləri daşımaq, eyni zamanda sürü şəklidə tapşırıq yerinə yetirmək qabiliyyətinə malikdir.

O, KAAN MMU döyüş təyyarəsi və ANKA III PDT bortunda uçuş qabiliyyətinə malikdir. “Süper Şimşek”, hava hücumundan müdafiə (HHM) sistemləri kimi kritik hədəflərə qarşı qanadlı raket kimi də istifadə edilə bilir. “Süper Şimşek” dronunun ən böyük fərqləndirici xüsusiyyəti isə özünü düşmən sistemlərinə saxta hədəf kimi təqdim etmək qabiliyyətidir.

TUSAŞ şirkətinin baş direktoru Mehmet Dəmiroğlu birldirmişdir ki, “Süper Şimşek” qarşı tərəfə F-16, F-35, hətta KAAN kimi də görünə bilər: “Radarlar bunu belə gördükləri zaman hava hücumundan müdafiə sistemlərini açacaqlar. Digər qrupdakı kamikadze pilotsuz dronlar isə onları özütuşlama başlıqları ilə məhv edəcək. ANKA III və ya pilotsuz uçuş aparatlarının tapşırıqlarından biri də koridor açaraq havadan müdafiə sistemlərini neytrallaşdırmaqdır. Biz bunu “Süper Şimşek” və digər platformalarla etməyi planlaşdırırıq”.

489986192 1214923326799610 4947423318456303204 nBu qabiliyyət vacibdir, çünki 5-ci nəsil KAAN döyüş təyyarəsinin KIZILELMA və ANKA III kimi müşayiət sistemləri ilə birgə istifadəsi konsepsiyası inkişaf etdirilir. Bu təməl əslində 6-cı nəsil təyyarələrin mühüm hissəsidir. KAAN döyüş təyyarəsi ilə birlikdə fəaliyyət göstərəcək ANKA III PDT, qanad altında daşıdığı “Süper Şimşek”lə düşməni təəccübləndirəcək və digər sistemlərin yolunu açacaq.

Bu konsepsiya mahiyyətcə yerüstü kiçik komandalara bənzər Hərbi Hava Qüvvələri yaratmaq kimi baxıla bilər. Hər bir platforma maksimum səmərəliliyi artıraraq fərqli bir vəzifə yerinə yetirəcək. Nəhayət, “Süper Şimşek” təkcə hücum baxımından deyil, həm də Türkiyənin inkişaf etdirdiyi hava hücumundan müdafiə sistemlərinin təlimi üçün mühüm elementdir.

Kamikadze PUA kimi istifadə edildikdə, “Süper Şimşek” dronu daha böyük və daha sürətli platforması sayəsində 120 km-lik mənzilə malik kamikadze “Şimşek” PUA-dan əhəmiyyətli dərəcədə uzun uçuş məsafəsinə sahibdir.

Yekunda qeyd edək ki, yüksək yükqaldırma qabiliyyəti ilə təmin edilmiş ANKA III PDT və reaktiv mühərrikli Süper Şimşek hədəf dronun inteqrasiya olunmuş istismarı Türkiyənin hücum PUA konsepsiyasının nəyə nail olduğunu açıq şəkildə nümayiş etdirir.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS