IDEX-2023: “Elbit Systems” beş məhsul qrupu üzrə müdafiə sistemlərini sərgiləyəcək

IDEX-2023: “Elbit Systems” beş məhsul qrupu üzrə müdafiə sistemlərini sərgiləyəcək

İsrailin “Elbit Systems” şirkəti 20-24 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə keçiriləcək IDEX-2023 müdafiə sərgisində özünün qabaqcıl sistemlərini və həllərini nümayiş etdirəcək.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, şirkət sərgidə yerli tərəfdaşlar ilə bir sıra vacib görüşlər keçirməyi planlaşdırır və yeni əməkdaşlıqlara imza atmağı hədəfləyir.

“Elbit Systems” IDEX-2023-də özünün əsas beş məhsul qrupu üzrə olan müdafiə sistemlərini sərgiləyəcək. Bunların sırasına müxtəlif tipli döyüş sursatları, raketlər, pilotsuz uçuş aparatları (PUA), C4ISR, kiber təhlükəsizlik, SIGINT və qabaqcıl elektron müharibə (EW – Electronic Warfare) həlləri, habelə rabitə, təlim və simulyasiya sistemləri daxildir.

Raket və artilleriya sistemləri

50 ildən artıq müddətdir ki, yerli və xarici müştəriləri üçün geniş çeşiddə idarə olunan raket, artilleriya və silah sistemlərini işləyib hazırlayan və istehsal edən “Elbit Systems”in məhsul portfelinə 35 km-lik “Accular”, 150 km-lik EXTRA, 300 km-lik “Predator Hawk”, RAMPAGE yüksək dəqiqlikli raket sistemləri, PULS (Precise & Universal Launching System) buraxıcı qurğusu və digərləri daxildir.

Səsdən sürətli olan və havadan yerə dəqiq zərbə endirməyə imkan verən RAMPAGE raketi 150 kilomerlik uzun mənzilə sahibdir. Raket döyüş təyyarələrindən atılmaq üçün nəzərdə tutulub. RAMPAGE yüksək dəqiqliyi, sürəti və çevikliyi sayəsində hədəfləri qısa zaman ərzində uğurla məhv etməyə imkan verir.

Pilotsuz uçuş aparatları – PUA

Burada şirkət müştərilərinə “Skylark 3” və “Skystriker”dən tutmuş sinfinin ən yaxşısı hesab olunan “Hermes 900”ə qədər müxtəlif tipdə və çeşiddə PUA-lar təklif edir.

MALE (Medium Altitude Long Endurance) sinifinə aid “Hermes 900” əsasən ISR (Intelligence, surveillance and reconnaissance) əməliyyatlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. PUA-nın faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. 9100 metr yüksəkliyə qalxa bilən və havada fasiləsiz 36 saat uçuş qabiliyyətinə malik PUA-nın faydalı yükü 300 kq, qanad açıqlığı 15 metr, uzunluğu 8.3 metr təşkil edir.

“Skystriker” düşmən hədəflərinin məhv edilməsi üçün hazırlanmış yüksək dəqiqlikliyə və performansa malik tam avtonom kamikadze PUA-dır. 10 kiloqram ağırlığa qədər döyüş başlığı daşıyan PUA operator tərəfindən təyin edilmiş hədəfləri aşkarlaya, müəyyənləşdirə və vura bilir. “Skystriker”in əsas üstünlüklərindən biri onun elektrikli mühərriklə təchiz edilməsidir. Bunun sayəsində PUA ətrafa daha az akustika yayır. Beləliklə “Skystriker” düşmən üçün səssiz, gözəgörünməz və sürpriz hücumçuya çevrilir.

Təlim və Simulyasiya Sistemləri       

20 ildən artıqdır ki, bütün müştərilərinə təlim simulyasiya sistemləri sahəsində xidmət göstərən “Elbit Systems” hazırda hava, quru və dəniz platformalarına uyğun təlim və simulyasiya sistemləri istehsal edir. Bundan başqa “Elbit Systems” müştərilərə həmin sistemlər ilə bağlı servis xidməti də təklif edir.

Şirkətin istehsal etdiyi “SkyBreaker” şəbəkələşdirilmiş çox kokpitli Missiya yönümlü Təlim Mərkəzi (MTC- Mission oriented Training Center) hərbi pilotların hazırlanmasında, onların döyüş bacarıqlarının artırılmasında istifadə olunur. “SkyBreaker” təlim mərkəzi istifadəçiyə lazımi ssenariyə uyğun real döyüş mənzərsi və şəraiti yaradır ki, bu da pilotun öz bacarıqlarını yüksəltməsinə imkan verir. “Elbit Systems”in açıq və modul arxitekturasına əsaslanan “SkyBreaker” süni intellekt vasitəsilə pilota müxtəlif hava əməliyyat ssenarisi təqdim edir.

Electronic Warfare (EW) və SIGINT həlləri

Şirkətin elektron müharibə (EW), rabitə və siqnal kəşfiyyatının aparılması sahəsindəki həlləri müxtəlif qitələrdəki müştərilər tərəfindən istifadə olunur.

Bu sahədə “Elbit Systems” İsrail Hərbi Hava Qüvvələri daxil olmaqla dünyanın bir çox HHQ-ləri üçün EW sistemlərinin əsas təchizatçısıdır. Həmin sistemlərin sırasında “Radar Warning Receivers” (RWR), “Laser Warning Systems” (LWS), “IR Missile Warning Systems” (MWS), “Electronic Countermeasures” (ECM) və digər elektron müharibə və SIGNIT həlləri yer alır.

Poliqon.az

CATEGORIES
TAGS